TIMO seçim turunun qalibləri elan olunub!

21 dekabr 2025-ci il tarixində TIMO – Turkic International Mathematical Olympiad üzrə Azərbaycan mərhələsi ölkənin beş regionunda təşkil olunub və minlərlə şagird beynəlxalq final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Yarışdan sonra aparılan geniş akademik təhlillər nəticəsində bəzi sinif səviyyələrində bal bölgüsünün gözləniləndən aşağı olduğu müəyyən edilib və bu məsələ beynəlxalq səviyyədə müzakirəyə çıxarılıb.

Mövcud vəziyyətlə bağlı Azərbaycan tərəfinin təşəbbüsü və Xəyal İbrahimzadənin rəsmi müraciəti əsasında mükafatlandırma meyarlarının yenidən nəzərdən keçirilməsi təklifi TIMO-nun beynəlxalq gündəliyinə daxil edilib. Məsələ 42 ölkənin nümayəndəsinin onlayn iştirakı ilə keçirilən TIMO International Board-un rəsmi iclasında müzakirə olunub. İclas TIMO Akademik Komitəsinin iştirakı ilə baş tutub və həmin sessiyaya professor Syam Chandran sədrlik edib.

Müzakirələr zamanı nəzərə alınıb ki, TIMO-nun final mərhələsi bu il Azərbaycanda keçiriləcək və seçim mərhələsində nəticələrin həm ədalətli qiymətləndirilməsi, həm də şagirdlərin akademik motivasiyasının qorunması xüsusi əhəmiyyət daşıyır. Bu əsaslarla Azərbaycan mərhələsi üçün medal hədlərinin yenilənməsi məsələsi səsverməyə çıxarılıb. Səsvermənin nəticələrinə əsasən, 34 ölkə təklifin lehinə, 8 ölkə isə əleyhinə səs verib və beləliklə, qərar səs çoxluğu ilə qəbul olunub.

Qəbul edilmiş qərara əsasən, yenilənmiş mükafatlandırma meyarları yalnız TIMO-nun Azərbaycan seçim mərhələsinə tətbiq olunur və bu dəyişikliklər şagird nəticələrinin daha obyektiv qiymətləndirilməsinə xidmət edir. Yeni meyarlara görə, 90–100 bal toplayan iştirakçılar qızıl medal, 65–89 bal toplayanlar gümüş medal, 40–64 bal aralığında nəticə göstərənlər bürünc medal, 20–39 bal toplayan iştirakçılar isə fəxri fərmanla təltif ediliblər. Daha aşağı nəticə göstərən iştirakçılar üçün beynəlxalq iştirakçı sertifikatlarının təqdim edilməsi nəzərdə tutulub.

Azərbaycan mərhələsində maksimum nəticə göstərən iştirakçılar da müəyyənləşib. II sinif şagirdləri Uğur Əhmədov və Vahid Vahidli, eləcə də V sinif şagirdi Şamil Məmmədli 100 bal toplayaraq qızıl medala layiq görülüblər və bu nəticə yarışın ən yüksək göstəriciləri sırasında yer alıb.

Qeyd edək ki, TIMO-nun beynəlxalq final mərhələsi 2026-cı il 25–29 may tarixlərində Global Olympiad Center-in təşkilatçılığı ilə Bakı şəhərində keçiriləcək və yarışda 55-dən çox ölkədən olan iştirakçılar yer alacaq. Azərbaycanlı şagirdlər bu mərhələdə yalnız akademik biliklərini deyil, eyni zamanda ölkəmizi beynəlxalq arenada təmsil edərək mədəni və elmi mübadilədə iştirak edəcəklər. Azərbaycan mərhələsi üzrə qaliblərin mükafatlandırma mərasiminin isə 22 fevral 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.