Einstein Beynəlxalq Elm və Riyaziyyat Olimpiadasının final mərhələsində Azərbaycanı 12 şagird təmsil edəcək. Final 26-30 oktyabr 2026-cı il tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək. Ölkəmizi təmsil edəcək şagirdlər yarışda elm və riyaziyyat fənləri üzrə dünyanın müxtəlif ölkələrindən olan həmyaşıdları ilə mübarizə aparacaqlar.
Azərbaycan təmsilçiləri final mərhələsinə vəsiqəni Global Olympiad Center-in təşkilatçılığı ilə 16 may tarixində keçirilmiş seçim turunun nəticələrinə əsasən qazanıblar. Seçim mərhələsində yüksək nəticə göstərən şagirdlər beynəlxalq finalda iştirak etmək hüququ əldə ediblər.
Elm fənni üzrə ölkəmizi beş şagird təmsil edəcək. Onların sırasında Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 3-cü sinif şagirdi Dəniz Qasımova, həmin kompleksin 4-cü sinif şagirdi Cahan Quliyeva və Azerbaijan British College-in 3-cü sinif şagirdi Ziya Səlimbəyli yer alıblar. Landau School-un 6-cı sinif şagirdi Ziya Novruzsoy və 39 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Səftər Vəli də elm fənni üzrə yarışacaqlar.
Riyaziyyat üzrə isə Azərbaycanı yeddi şagird təmsil edəcək. Məktəb-Lisey Kompleksinin 2-ci sinif şagirdi Toğrul Zeynalov, Bakı şəhəri 225 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdi Xalid Zeynalov və Sumqayıt Dünya Məktəbinin 3-cü sinif şagirdi Fateh Tağızadə bu istiqamət üzrə finalda iştirak edəcəklər. Riyaziyyat üzrə digər təmsilçilər 149 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Nazlı Qaraxanlı, Landau School-un 6-cı sinif şagirdi Raul İsmayılzadə, 291 nömrəli Araz Ekologiya Liseyinin 7-ci sinif şagirdi Ayaz Qarayev və BANM nəzdindəki Rəqəmsal Biliklər Liseyinin 8-ci sinif şagirdi Kənan Kərimlidir.
Einstein Beynəlxalq Olimpiadasının əsas imtahan mərhələsi 28 oktyabr tarixində Berlin şəhərində yerləşən Estrel Congress Center-də təşkil olunacaq. İştirakçılar riyaziyyat və elm fənləri üzrə öz yaş və sinif səviyyələrinə uyğun tapşırıqları həll edəcəklər. Yarış zamanı onların akademik bilikləri, analitik düşünmə, məntiqi nəticə çıxarma və problem həll etmə bacarıqları qiymətləndiriləcək.
Dörd günlük final proqramı yalnız akademik yarışla məhdudlaşmayacaq. Proqrama əsasən, iştirakçılar 26 oktyabr tarixində Berlinə gələcək və otellərdə yerləşəcəklər. Növbəti gün şagirdlər üçün şəhərin tarixi və mədəni məkanlarına ekskursiyalar təşkil olunacaq. İştirakçılar Brandenburq qapısı, Reyxstaq binası, Muzey adası və Berlin Kafedralı kimi tanınmış məkanlarla yaxından tanış olmaq imkanı əldə edəcəklər.
28 oktyabr tarixində keçiriləcək imtahanlardan sonra iştirakçılar Almaniya Texnologiya Muzeyi və Spectrum Elm Mərkəzini ziyarət edəcəklər. Proqram çərçivəsində Berlin divarının qorunub saxlanılan hissələrindən biri olan East Side Gallery-yə səfər də nəzərdə tutulub.
29 oktyabr tarixində finalçılar Berlinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Humboldt Universitetinə səfər edəcəklər. Universitetin kampusu ilə tanışlıq şagirdlərə Almaniyanın akademik mühiti və ali təhsil imkanları haqqında daha yaxından məlumat əldə etməyə şərait yaradacaq.
Həmin gün Einstein Olimpiadasının təntənəli bağlanış və mükafatlandırma mərasimi keçiriləcək. JW Marriott Hotel Berlin-in Grand Ballroom zalında təşkil olunacaq mərasimdə müxtəlif sinif və fənlər üzrə qaliblər elan ediləcək, yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılacaqlar.
Final proqramı 30 oktyabr tarixində iştirakçıların otellərdən ayrılması və ölkələrinə yola düşməsi ilə yekunlaşacaq.
Qeyd edək ki, Einstein Beynəlxalq Olimpiadası müxtəlif ölkələrdən olan istedadlı şagirdləri bir araya gətirən beynəlxalq akademik platformadır. Olimpiadanın əsas məqsədi şagirdlərin elm və riyaziyyata marağını artırmaq, onların akademik potensialını inkişaf etdirmək və beynəlxalq təhsil mühiti ilə tanışlığına imkan yaratmaqdır.
Global Olympiad Center final mərhələsində Azərbaycanı təmsil edəcək bütün şagirdlərə uğurlar arzulayır.