Azərbaycanlı Şagirddən İtaliyada Beynəlxalq Uğur

İtaliyanın Spoleto şəhərində keçirilən HIPPO 2026 Dünya Finalında Azərbaycan milli komandası uğurlu nəticə əldə edib. Finalda ölkəmizi təmsil edən İlkin Qurbanzadə Hippo S2 kateqoriyası üzrə dünya üçüncüsü olaraq bürünc medal qazanıb.

28 sentyabr - 1 oktyabr tarixlərində keçirilən final mərhələsində 71 ölkədən şagirdlər iştirak ediblər. Azərbaycanı yarışda ümumilikdə 6 şagird təmsil edib.

Milli komandanın tərkibində 159 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Ayan Quliyeva Hippo 1, Elitar Gimnaziyanın 7-ci sinif şagirdi Murad Hüseyn Hippo 2, 276 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ulduz İsmayılova Hippo 2, Türk Dünyası Bakı Atatürk Liseyinin 7-ci sinif şagirdi Leyli Hacızadə Hippo 2, 2 nömrəli Texniki-Humanitar Liseyin 7-ci sinif şagirdi İlkin Qurbanzadə Hippo S2, Kaspi International School-un 4-cü sinif şagirdi Ada Qəmbər isə Little Hippo kateqoriyası üzrə iştirak edib.

HIPPO Dünya Finalının qaydalarına əsasən, hər kateqoriya üzrə ən yüksək nəticə göstərən ilk üç iştirakçı müvafiq olaraq dünya birincisi, dünya ikincisi və dünya üçüncüsü adını qazanır. İlkin Qurbanzadə öz kateqoriyasında üçüncü nəticəni göstərərək dünya üçüncüsü adına və bürünc medala layiq görülüb.

Qeyd edək ki, 2013-cü ildən keçirilən HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası Gatehouse Awards tərəfindən təşkil olunur. Olimpiadanın beynəlxalq tərəfdaşları sırasında Mizzou Academy, University of Missouri və Bucksmore Education kimi təhsil qurumları yer alır.

HIPPO-nun əsas xüsusiyyətlərindən biri yarış formatının CEFR, yəni Avropa Ümumi Dil İstinad Çərçivəsinə uyğunlaşdırılmasıdır. Bu yanaşma iştirakçıların ingilis dili üzrə bilik və bacarıqlarının beynəlxalq meyarlar əsasında qiymətləndirilməsinə imkan verir.

Final proqramı yalnız imtahan mərhələsi ilə məhdudlaşmayıb. Azərbaycan milli komandasının üzvləri digər ölkələrin nümayəndələri ilə birlikdə Spoleto şəhərində keçirilən açılış paradında iştirak ediblər. Şagirdlər, həmçinin müxtəlif mədəni və sosial proqramlara qatılıb, fərqli ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq və yeni dostluqlar yaratmaq imkanı əldə ediblər.

Proqram çərçivəsində iştirakçılar üçün müxtəlif oyunlar, müsahibələr, mədəni tanışlıq tədbirləri və İtaliya mədəniyyətinə həsr olunan fəaliyyətlər də təşkil olunub.

HIPPO 2026 Dünya Finalının bağlanış və mükafatlandırma mərasimi Spoleto şəhərində yerləşən Teatro Nuovo Gian Carlo Menotti teatrında keçirilib. Mərasimdə müxtəlif kateqoriyalar üzrə dünya qalibləri elan olunub və yüksək nəticə göstərən iştirakçılar mükafatlandırılıblar.

Global Olympiad Center İlkin Qurbanzadəni qazandığı bürünc medal münasibətilə təbrik edir, finalda ölkəmizi təmsil edən bütün şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayır.