Azərbaycanlı şagirdlər Almaniyada uğur qazandılar

Azərbaycanlı şagirdlər 26-30 oktyabr 2026-cı il tarixlərində Almaniyanın paytaxtı Berlində keçirilən Einstein Olimpiadasının final mərhələsində 7 medal qazanıblar. Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 4 bürünc medal, həmçinin 1 həvəsləndirici mükafatla başa vurub.

Təbiət elmləri (Science) üzrə Azərbaycan komandası 3 medal qazanıb: VI sinif şagirdi Ziya Novruzsoy qızıl, III sinif şagirdləri Cahan Quliyeva və Dəniz Qasımova bürünc medala layiq görülüblər. III sinif şagirdi Ziya Səlimbəyli isə bu fənn üzrə həvəsləndirici mükafat (Honourable Mention) qazanıb.

Riyaziyyat üzrə Azərbaycan şagirdləri 4 medal əldə ediblər. VI sinif şagirdi Raul İsmayılzadə və VII sinif şagirdi Kənan Kərimli gümüş, I sinif şagirdi Toğrul Zeynalov və IV sinif şagirdi Nazlı Qaraxanlı bürünc medala layiq görülüblər.

Oktyabrın 29-da keçirilən mükafatlandırma mərasimində iştirakçı ölkələrin rəsmi nümayəndələri, diplomatik korpusun təmsilçiləri və dəvətli qonaqlar iştirak ediblər. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev həmin gün azərbaycanlı şagirdlərlə görüşərək onları təbrik edib. Səfir mükafatlandırma mərasimində də iştirak edərək komandaya dəstəyini bildirib.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Elgün Niftəli də mükafatlandırma mərasimində iştirak edib.

Dahi alim Albert Eynşteynin xatirəsinə həsr olunan olimpiada bu il ilk dəfə keçirilib. Təşkilat komitəsinin məlumatına görə, final mərhələsi 15 ölkədən 300-ə yaxın iştirakçını bir araya gətirib. Olimpiadanın milli seçim turlarına 41 ölkədən 17 minə yaxın şagird qatılıb, ən yaxşı nəticə göstərən namizədlər Berlin finalına dəvət olunublar.

Səfər çərçivəsində iştirakçılar Berlin Kafedralını (Berliner Dom), Reyxstaq binasını, Muzeylər adasını və şəhərin digər tarixi-mədəni məkanlarını ziyarət ediblər. Mədəni proqram şagirdlərə Berlinlə tanış olmaq və müxtəlif ölkələrdən olan həmyaşıdları ilə yeni dostluqlar qurmaq imkanı yaradıb.