TIMO Olimpiadasının seçim turu 5 bölgədə keçiriləcək

TIMO Beynəlxalq Riyaziyyat Olimpiadasının 2026-2027-ci tədris ili üzrə Azərbaycan seçim turu Global Olympiad Center-in təşkilatçılığı ilə 13 dekabr 2026-cı il tarixində keçiriləcək. 2-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan olimpiada Bakı, Xırdalan, Sumqayıt, Gəncə, Biləsuvar və Naxçıvan şəhərlərində təşkil olunacaq. Seçim turuna qeydiyyat 11 dekabr tarixinədək davam edəcək.

Olimpiadanın əsas yeniliklərindən biri yüksək nəticə göstərən şagirdlər üçün nəzərdə tutulan xüsusi imkandır. Seçim turunda hər sinif üzrə 100 bal toplayan bir şagird TIMO-nun 2027-ci ilin yayında Türkiyənin İstanbul şəhərində keçiriləcək beynəlxalq final mərhələsinə ödənişsiz vəsiqə qazanacaq.

Seçim turunun müxtəlif şəhərlərdə təşkili regionlarda təhsil alan şagirdlərin də beynəlxalq olimpiadada iştirakını daha əlçatan edəcək. İştirakçılar yaş və sinif səviyyələrinə uyğun riyaziyyat tapşırıqlarını həll edərək bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

TIMO şagirdlərin riyazi bilikləri ilə yanaşı, məntiqi düşünmə, analitik təhlil və problem həll etmə bacarıqlarını qiymətləndirən beynəlxalq olimpiadadır. Yarışın əsas məqsədi riyaziyyata marağı artırmaq, istedadlı şagirdləri üzə çıxarmaq və onların beynəlxalq akademik mühitdə iştirakına şərait yaratmaqdır.

Qeyd edək ki, TIMO-nun 2026-cı il üzrə beynəlxalq final mərhələsi Global Olympiad Center-in təşkilatçılığı ilə Bakıda keçirilib. Müxtəlif ölkələrdən gələn şagirdlər final mərhələsində iştirak edərək riyaziyyat üzrə biliklərini sınayıblar. Olimpiada çərçivəsində iştirakçılar üçün mədəni və sosial proqramlar da təşkil olunub.

Növbəti finalın İstanbulda keçirilməsi şagirdlərə müxtəlif ölkələrdən olan həmyaşıdları ilə yarışmaq, beynəlxalq təcrübə qazanmaq və riyaziyyat sahəsində akademik potensiallarını nümayiş etdirmək imkanı yaradacaq.

TIMO-nun Azərbaycan üzrə seçim turunda iştirak etmək istəyən şagirdlər 11 dekabr tarixinədək goc.edu.az/register vebsaytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.