Global Olympiad Center-in təşkilatçılığı ilə keçirilən Azərbaycan Fəlsəfə Olimpiadasının (AzFO 2027) seçim mərhələsinə qeydiyyat başlayıb. 8-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan olimpiadanın seçim turu 10 yanvar 2027-ci il tarixində Bakı şəhərində keçiriləcək. Olimpiadada iştirak tamamilə ödənişsizdir.
Azərbaycan Fəlsəfə Olimpiadası Beynəlxalq Fəlsəfə Olimpiadasının (International Philosophy Olympiad - IPO) Azərbaycan üzrə milli seçim platformasıdır. Olimpiadanın yekun nəticələrinə əsasən seçiləcək və beynəlxalq iştirak tələblərinə cavab verən 2 şagird Qazaxıstanın paytaxtı Astanada keçiriləcək IPO 2027-də ölkəmizi təmsil etmək hüququ qazanacaq.
Seçim mərhələsi saat 11:00-da başlayacaq və 120 dəqiqə davam edəcək. İmtahan ənənəvi test formatından fərqli olaraq fəlsəfi esse formasında keçiriləcək. İştirakçılara dörd fərqli fəlsəfi mövzu təqdim olunacaq. Şagirdlər bu mövzulardan birini seçərək Azərbaycan dilində esse yazacaqlar.
İştirakçıların yazdıqları esselər mövzuya uyğunluq, arqumentlərin əsaslandırılması, fəlsəfi anlayışlardan istifadə, mətnin strukturu, yaradıcı və tənqidi yanaşma meyarları əsasında qiymətləndiriləcək. Maksimum nəticə 100 bal təşkil edəcək.
Qiymətləndirmənin obyektivliyini və şəffaflığını təmin etmək məqsədilə esselər anonim şəkildə ekspert heyətinə təqdim olunacaq. Hər bir iştirakçının yazısı iki müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.
Seçim turunun nəticələrindən asılı olaraq əlavə final mərhələsi də təşkil oluna bilər. Ekspert heyəti ikinci mərhələnin keçirilməsini məqsədəuyğun hesab edərsə, ən yüksək nəticə göstərən iştirakçıların ilk 30 faizi finala vəsiqə qazanacaq. Bu mərhələdə şagirdlər təqdim olunan iki fəlsəfi mövzudan birini seçərək ingilis dilində esse yazacaqlar. Əlavə mərhələyə ehtiyac olmadığı təqdirdə isə seçim turunun nəticələri yekun hesab ediləcək.
Olimpiadanın yekun nəticələrinə əsasən, ən yüksək nəticə göstərən iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi isə bürünc medala layiq görüləcək.
Qeyd edək ki, 1992-ci ildən keçirilən Beynəlxalq Fəlsəfə Olimpiadası (IPO) dünyanın müxtəlif ölkələrindən olan məktəbliləri bir araya gətirən nüfuzlu beynəlxalq akademik yarışlardan biridir. Olimpiada şagirdlərin fəlsəfi düşüncə tərzini, tənqidi təfəkkürünü və əsaslandırılmış fikir yürütmə bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirir.
Azərbaycan Fəlsəfə Olimpiadasının əsas məqsədi məktəblilər arasında fəlsəfəyə marağı artırmaq, müstəqil düşüncə mədəniyyətini formalaşdırmaq və humanitar elmlərin inkişafına töhfə verməkdir. Olimpiada şagirdlərə hazır bilikləri nümayiş etdirməkdən daha çox, hadisələrə fərqli perspektivlərdən yanaşmaq, suallar vermək və öz mövqelərini məntiqi arqumentlərlə əsaslandırmaq imkanı yaradır.
AzFO 2027-də iştirak etmək istəyən şagirdlər goc.edu.az/register veb-saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Olimpiadaya qeydiyyat və iştirak ödənişsizdir.