Olympiad USA Beynəlxalq İngilis Dili Olimpiadasının Seçim Turu Keçiriləcək

Olympiad USA Beynəlxalq İngilis Dili Olimpiadasının 2026-2027-ci tədris ili üzrə Azərbaycan seçim turu 25 oktyabr tarixində keçiriləcək. 3-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan olimpiada Bakı, Xırdalan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahan bütün mərkəzlərdə saat 11:00-da başlayacaq.

Seçim turu Bakı şəhəri üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənclik korpusunda və Buckswood School Baku-da keçiriləcək. Xırdalan şəhərində imtahan Simurq Liseyinin Xırdalan korpusunda, Sumqayıtda Sumqayıt Dünya Məktəbində, Gəncədə Gəncə Dünya Məktəbində, Naxçıvanda isə Naxçıvan Dövlət Universitetinin nəzdindəki Beynəlxalq Məktəbdə təşkil olunacaq.

İmtahan 90 dəqiqə davam edəcək. İştirakçılara ingilis dili üzrə 35 çoxvariantlı sual təqdim olunacaq. Maksimum nəticə 150 bal təşkil edəcək.

Olimpiada şagirdlərin sinif səviyyələrinə uyğun olaraq beş kateqoriyada keçiriləcək. 3-4-cü sinif şagirdləri Sky Blue Eagles, 5-6-cı siniflər Yellow Eagles, 7-8-ci siniflər Green Eagles, 9-10-cu siniflər Blue Eagles, 11-ci sinif şagirdləri isə Red Eagles kateqoriyasında iştirak edəcəklər.

Seçim turunda iştirakçıların ingilis dili üzrə bilikləri ilə yanaşı, oxuyub-anlama, analitik düşünmə, məntiqi nəticə çıxarma və düzgün ifadəetmə bacarıqları qiymətləndiriləcək. Suallar çətinlik səviyyəsinə uyğun olaraq fərqli ballarla hesablanacaq. Səhv cavablara görə iştirakçıların nəticələrindən bal çıxılmayacaq.

Seçim mərhələsinin nəticələrinə əsasən, hər kateqoriya üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi isə bürünc medala layiq görüləcək. Növbəti 30 faiz iştirakçı fəxri fərman sertifikatı ilə təltif olunacaq. Olimpiadada iştirak edən bütün şagirdlərə iştirak sertifikatı təqdim ediləcək.

Qızıl, gümüş və bürünc medal qazanan şagirdlər 17-22 mart 2027-ci il tarixlərində ABŞ-nin Mayami şəhərində, Mayami Universitetində keçiriləcək Olympiad USA final mərhələsində iştirak edəcəklər. Qızıl medalçılara finalın qeydiyyat haqqına 10 faiz, gümüş medalçılara isə 5 faiz endirim tətbiq olunacaq.

Olympiad USA Beynəlxalq İngilis Dili Olimpiadası şagirdlərin xarici dil biliklərini beynəlxalq səviyyədə sınamaq və akademik potensiallarını nümayiş etdirmək məqsədi daşıyır. Yarış iştirakçılara ingilis dili üzrə biliklərini inkişaf etdirmək və beynəlxalq akademik mühitdə təcrübə qazanmaq imkanı yaradır.

Global Olympiad Center seçim turunda iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayır.