Olympiad USA Beynəlxalq İngilis Dili Olimpiadasının 2026-2027-ci tədris ili üzrə Azərbaycan seçim turu 25 oktyabr tarixində keçirilib. 3-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan olimpiada Bakı, Xırdalan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub. İmtahan bütün mərkəzlərdə saat 11:00-da başlayıb.
Seçim turu Bakı şəhəri üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənclik korpusunda və Buckswood School Baku-da keçirilib. Xırdalan şəhərində imtahan Simurq Liseyinin Xırdalan korpusunda, Sumqayıtda Sumqayıt Dünya Məktəbində, Gəncədə Gəncə Dünya Məktəbində, Naxçıvanda isə Naxçıvan Dövlət Universitetinin nəzdindəki Beynəlxalq Məktəbdə təşkil olunub.
İmtahan 90 dəqiqə davam edib. İştirakçılara ingilis dili üzrə 35 çoxvariantlı sual təqdim olunub. Maksimum nəticə 150 bal təşkil edib. Seçim turunda şagirdlərin ingilis dili bilikləri ilə yanaşı, oxuyub-anlama, analitik düşünmə, məntiqi nəticə çıxarma və düzgün ifadəetmə bacarıqları qiymətləndirilib.
Olimpiada iştirakçıların sinif səviyyələrinə uyğun olaraq beş kateqoriyada keçirilib. 3-4-cü sinif şagirdləri Sky Blue Eagles, 5-6-cı siniflər Yellow Eagles, 7-8-ci siniflər Green Eagles, 9-10-cu siniflər Blue Eagles, 11-ci sinif şagirdləri isə Red Eagles kateqoriyasında biliklərini sınayıblar.
İmtahan sualları çətinlik səviyyəsinə uyğun olaraq fərqli ballarla qiymətləndirilib. İlk 10 sualın hər düzgün cavabı 3 bal, növbəti 10 sualın hər biri 4 bal, 21-30-cu sualların hər biri 5 bal, son 5 sualın hər biri isə 6 bal dəyərində olub. Səhv cavablara görə iştirakçıların nəticələrindən bal çıxılmayıb.
Seçim turunun nəticələrinə əsasən, hər kateqoriya üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi isə bürünc medala layiq görüləcək. Növbəti 30 faiz iştirakçı fəxri fərman sertifikatı ilə təltif olunacaq. Olimpiadada iştirak edən bütün şagirdlərə iştirak sertifikatı təqdim ediləcək.
Qızıl, gümüş və bürünc medal qazanan şagirdlər 17-22 mart 2027-ci il tarixlərində ABŞ-nin Mayami şəhərində, Mayami Universitetində keçiriləcək Olympiad USA beynəlxalq final mərhələsində iştirak etmək hüququ əldə edəcəklər. Qızıl medalçılara finalın qeydiyyat haqqına 10 faiz, gümüş medalçılara isə 5 faiz endirim tətbiq olunacaq.
Qeyd edək ki, Olympiad USA Beynəlxalq İngilis Dili Olimpiadası şagirdlərin xarici dil biliklərini beynəlxalq səviyyədə qiymətləndirmək və onların akademik potensialını üzə çıxarmaq məqsədi daşıyır. Olimpiada iştirakçılara ingilis dili üzrə bilik və bacarıqlarını nümayiş etdirmək, beynəlxalq yarış təcrübəsi qazanmaq və müxtəlif ölkələrdən olan həmyaşıdları ilə akademik mühitdə yarışmaq imkanı yaradır.
Global Olympiad Center seçim turunda iştirak edən bütün şagirdlərə uğurlar arzulayır.