FMO Beynəlxalq Riyaziyyat Yarışmasının seçim turu keçirilib

Fermat Beynəlxalq Riyaziyyat Yarışmasının (FMO) 2026–2027-ci tədris ili üzrə Azərbaycan seçim turu 18 oktyabr tarixində keçirilib. 2-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan yarış Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunub. İmtahan bütün mərkəzlərdə saat 11:00-da başlayıb.

Seçim turu Bakı şəhəri üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənclik filialında, Simurq Liseyinin Xırdalan korpusunda və Buckswood School Baku-da keçirilib. Sumqayıtda imtahan Sumqayıt Dünya Məktəbində, Gəncədə Gəncə Dünya Məktəbində, Naxçıvanda isə Naxçıvan Dövlət Universitetinin nəzdindəki Beynəlxalq Kembric Məktəbində təşkil olunub.

İmtahan müddəti iştirakçıların siniflərinə uyğun müəyyənləşdirilib. 2-5-ci sinif şagirdlərinə 60 dəqiqə, 6–11-ci sinif şagirdlərinə isə 90 dəqiqə vaxt ayrılıb.

Seçim mərhələsində iştirakçılara ümumilikdə 21 riyaziyyat sualı təqdim olunub. Bunlardan 20-si çoxvariantlı, biri isə açıq tipli sual olub. İmtahanda maksimum nəticə 100 bal təşkil edib.

Şagirdlər seçim turunda müxtəlif çətinlik səviyyələrinə malik tapşırıqları həll ediblər. Yarış zamanı iştirakçıların riyazi bilikləri ilə yanaşı, məntiqi düşünmə, analitik təhlil və problem həll etmə bacarıqları qiymətləndirilib.

Seçim turunun nəticələrinə əsasən, hər sinif üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi isə bürünc medala layiq görüləcək. Növbəti 30 faiz iştirakçı həvəsləndirici mükafatla təltif olunacaq.

Qızıl, gümüş və bürünc medal qazanan şagirdlər FMO-nun Vyetnamın Hoşimin şəhərində keçiriləcək beynəlxalq final mərhələsinə qeydiyyat hüququ əldə edəcəklər. Finalda iştirakçılar müxtəlif ölkələrdən olan həmyaşıdları ilə yarışaraq riyaziyyat üzrə bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, Fermat Beynəlxalq Riyaziyyat Yarışması şagirdlərin riyaziyyata marağını artırmaq, onların akademik potensialını üzə çıxarmaq və beynəlxalq yarış təcrübəsi qazanmalarına şərait yaratmaq məqsədi daşıyır.

Global Olympiad Center seçim turunda iştirak edən bütün şagirdlərə uğurlar arzulayır.