FMO Beynəlxalq Riyaziyyat Yarışmasının Medalçıları Açıqlandı

Fermat Beynəlxalq Riyaziyyat Yarışmasının (FMO) 2026-2027-ci tədris ili üzrə Azərbaycan seçim turunun medalçıları açıqlanıb. Nəticələrə əsasən, yüksək göstəricilər əldə edən şagirdlər qızıl, gümüş və bürünc medallara, eləcə də həvəsləndirici mükafatlara layiq görülüblər.

Seçim turunun nəticələri iştirakçıların şəxsi kabinetlərinə yerləşdirilib. Şagirdlər topladıqları bal və öz sinifləri üzrə medal bölgüsü ilə şəxsi kabinet vasitəsilə tanış ola bilərlər.

Qiymətləndirmə meyarlarına əsasən, hər sinif üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi isə bürünc medala layiq görülüb. Növbəti 30 faizə daxil olan şagirdlər fəxri fərmana əldə ediblər.

Qızıl, gümüş və bürünc medal qazanan iştirakçılar FMO-nun Vyetnamın Hoşimin şəhərində keçiriləcək final mərhələsinə qeydiyyat hüququ qazanıblar. Finalda şagirdlər müxtəlif ölkələrdən olan həmyaşıdları ilə yarışaraq riyaziyyat üzrə bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, FMO-nun Azərbaycan üzrə seçim turu 18 oktyabr tarixində Bakı, Xırdalan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində keçirilib. 2-11-ci sinif şagirdləri üçün təşkil olunan yarışda iştirakçıların riyazi bilikləri, məntiqi düşünmə, analitik təhlil və problem həll etmə bacarıqları qiymətləndirilib.

Seçim mərhələsində şagirdlərə 20 çoxvariantlı və bir açıq tipli olmaqla ümumilikdə 21 sual təqdim olunub. İmtahanda maksimum nəticə 100 bal təşkil edib. İştirakçıların yekun sıralaması topladıqları ballara və müvafiq sinif üzrə nəticələrə əsasən müəyyənləşdirilib.

Fermat Beynəlxalq Riyaziyyat Yarışması şagirdlərin riyaziyyata marağını artırmaq, istedadlı iştirakçıları üzə çıxarmaq və onların beynəlxalq akademik mühitdə təcrübə qazanmalarına şərait yaratmaq məqsədi daşıyır.

İştirakçılar imtahan nəticələri ilə https://goc.edu.az/personalcabinet keçidi vasitəsilə tanış ola bilərlər.

Global Olympiad Center yarışın medalçılarını təbrik edir və onlara növbəti mərhələdə uğurlar arzulayır.

FMO Beynəlxalq Riyaziyyat Yarışmasının medalçıları 16 yanvar 2027-ci il tarixində Bakı Konqres Mərkəzində keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar.