TeenEagle Beynəlxalq İngilis Dili Olimpiadasına Qeydiyyat Başladı

TeenEagle Beynəlxalq İngilis Dili Olimpiadasının 2026–2027-ci tədris ili üzrə Azərbaycan seçim turuna qeydiyyat başlayıb. 2009–2017-ci il təvəllüdlü şagirdlər üçün nəzərdə tutulan olimpiadanın seçim mərhələsi 20 dekabr 2026-cı il tarixində Bakı, Xırdalan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək. Son qeydiyyat tarixi 18 dekabrdır.

Seçim turu bütün imtahan mərkəzlərində saat 11:00-da başlayacaq və 60 dəqiqə davam edəcək. Yüksək nəticə göstərən şagirdlər 20–27 iyun 2027-ci il tarixlərində London şəhərində keçiriləcək TeenEagle Dünya Finalına qeydiyyat şansı əldə edəcəklər.

İmtahan Bakı şəhəri üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənclik korpusunda və Buckswood School Baku-da təşkil olunacaq. Xırdalan şəhərində seçim turu Simurq Liseyinin Xırdalan korpusunda, Sumqayıtda Sumqayıt Dünya Məktəbində, Gəncədə Gəncə Dünya Məktəbində, Naxçıvanda isə Naxçıvan Dövlət Universitetinin nəzdindəki Beynəlxalq Kembric Məktəbində keçiriləcək.

TeenEagle şagirdlərin ingilis dili üzrə biliklərini, oxuyub-anlama, söz ehtiyatı və analitik düşünmə bacarıqlarını qiymətləndirən beynəlxalq olimpiadadır. Yarışın əsas xüsusiyyətlərindən biri iştirakçıların əvvəlcədən müəyyən edilmiş kitablar, filmlər və ingilis dilində sözlərin düzgün yazılışı üzrə biliklərinin yoxlanılmasıdır.

Seçim mərhələsində şagirdlərə ümumilikdə 80 sual təqdim olunacaq. İmtahan çoxvariantlı və doğru-yanlış tipli suallardan ibarət olacaq. Tapşırıqlar iştirakçıların yaş kateqoriyalarına uyğun müəyyənləşdirilmiş kitab, film və Spelling Bee söz siyahısı əsasında hazırlanacaq.

Olimpiada üç yaş kateqoriyası üzrə təşkil ediləcək. TeenEagle 1 kateqoriyasında 2015–2017-ci il, TeenEagle 2 kateqoriyasında 2012–2014-cü il, TeenEagle 3 kateqoriyasında isə 2009–2011-ci il təvəllüdlü şagirdlər iştirak edəcəklər. Kateqoriyalar iştirakçıların oxuduqları sinfə deyil, doğum ilinə əsasən müəyyənləşdiriləcək.

Seçim turunun nəticələrinə əsasən, hər kateqoriya üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 10 faizi qızıl, növbəti 20 faizi gümüş, sonrakı 30 faizi isə bürünc medala layiq görüləcək. Müəyyən edilmiş 40 faizlik keçid balını toplayan digər iştirakçılara fəxri fərman təqdim olunacaq.

Qızıl, gümüş və bürünc medal qazanan şagirdlər TeenEagle Olimpiadasının Birləşmiş Krallıqda keçiriləcək beynəlxalq final mərhələsinə müraciət etmək hüququ qazanacaqlar. Finalda iştirak üçün ayrıca qeydiyyat tələb olunacaq.

Dünya finalında iştirakçılar Spelling Bee, Knowledge Quiz, Debate Challenge və Writing Challenge kimi müxtəlif istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər. Bu mərhələ şagirdlərin ingilis dilində sərbəst ünsiyyət, müzakirə, yazı və tənqidi düşünmə bacarıqlarının inkişafına da yönəlib.

TeenEagle Beynəlxalq İngilis Dili Olimpiadası şagirdləri ingilis dilindən gündəlik və akademik mühitdə istifadə etməyə təşviq edir. Yarış iştirakçılara müstəqil oxu vərdişlərini inkişaf etdirmək, fikirlərini əsaslandırmaq və beynəlxalq akademik mühitdə təcrübə qazanmaq imkanı yaradır.

Qeyd edək ki, olimpiada ölkəmizdə ilk dəfə əyani formada Global Olympiad Centerin təşkilatçılığı ilə keçiriləcək.