Bakı ardıcıl ikinci il HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının regional final mərhələsinə ev sahibliyi edəcək. Paytaxtımız Afrika, Yaxın Şərq, Mərkəzi Asiya və digər regionlardan 25 ölkənin iştirakçılarını bir araya gətirəcək regional final mərkəzi kimi seçilib. Beləliklə, Azərbaycan ikinci dəfə regionun ən böyük beynəlxalq ingilis dili tədbirlərindən birinə ev sahibliyi edərək gənc istedadları Bakıda birləşdirəcək.
Bakıda təşkil olunacaq regional finalda 30-dan çox ölkədən yüzlərlə şagirdin iştirakı gözlənilir. Müxtəlif ölkələrdən gələcək iştirakçılar ingilis dili üzrə bilik və bacarıqlarını nümayiş etdirərək HIPPO-nun dünya finalına vəsiqə uğrunda mübarizə aparacaqlar.
Regional finalın ardıcıl ikinci dəfə Bakıya həvalə olunması Azərbaycanın beynəlxalq təhsil tədbirlərinin təşkili baxımından qazandığı etimadın göstəricilərindən biri hesab olunur. Eyni zamanda bu qərar ölkənin regionda beynəlxalq təhsil layihələrinin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilməsi baxımından əhəmiyyət daşıyır.
Belə genişmiqyaslı ingilis dili yarışının Bakıda keçirilməsi azərbaycanlı şagirdlər üçün də yeni imkanlar yaradır. Şagirdlər beynəlxalq səviyyəli yarış mühitini öz ölkələrində yaşamaq, dünyanın müxtəlif ölkələrindən olan həmyaşıdları ilə rəqabət aparmaq və ingilis dili bacarıqlarını beynəlxalq standartlar əsasında sınamaq imkanı əldə edirlər.
Global Olympiad Center-in HIPPO-nun Azərbaycandakı rəsmi nümayəndəsi kimi fəaliyyəti ölkəmizdə seçim və beynəlxalq mərhələlərin təşkilinə imkan yaradıb. Regional finalın ikinci dəfə Bakıda keçirilməsi də Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı təşkilati mərkəz kimi mövqeyini gücləndirən addımlardan biri kimi qiymətləndirilir.
Azərbaycanda seçim mərhələlərinin Bakı, Sumqayıt, Lənkəran, Gəncə və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulub. Seçim mərhələsində yüksək nəticə göstərən şagirdlər Bakıda təşkil olunacaq regional finalda iştirak etmək imkanı əldə edəcəklər.
HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası dünyada geniş iştirakçı auditoriyasına malik beynəlxalq dil yarışlarından biridir. Yarış şagirdlərin ingilis dili biliklərini sınamaq, beynəlxalq mühitdə təcrübə qazanmaq və müxtəlif ölkələrdən olan həmyaşıdları ilə akademik rəqabət aparmaq imkanlarını genişləndirir.
Ötən mövsüm HIPPO-da 100-dən çox ölkədən 93 mindən artıq şagird iştirak edib. Yarışın ildən-ilə genişlənməsi regional final mərhələlərinin də dünyanın müxtəlif bölgələrində keçirilməsinə şərait yaradıb. Bakının ardıcıl ikinci dəfə bu mərkəzlərdən biri seçilməsi Azərbaycanın beynəlxalq təhsil xəritəsində rolunun genişləndiyini göstərir.