FMO Beynəlxalq Riyaziyyat Yarışmasının seçim turu keçiriləcək

Fermat Beynəlxalq Riyaziyyat Yarışmasının (FMO) 2026-2027-ci tədris ili üzrə Azərbaycan seçim turu 18 oktyabr tarixində keçiriləcək. 2-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan yarışma Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahan bütün mərkəzlərdə saat 11:00-da başlayacaq.

Seçim turu Bakı şəhəri üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənclik filialında, Simurq Liseyinin Xırdalan korpusunda və Buckswood School Baku-da keçiriləcək. Sumqayıt şəhərində imtahan Sumqayıt Dünya Məktəbində, Gəncədə Gəncə Dünya Məktəbində, Naxçıvanda isə Naxçıvan Dövlət Universitetinin nəzdindəki Beynəlxalq Kembric Məktəbində təşkil olunacaq.

İmtahan müddəti iştirakçıların siniflərinə uyğun olaraq müəyyənləşdirilib. 2-5-ci sinif şagirdlərinə 60 dəqiqə, 6-11-ci sinif şagirdlərinə isə 90 dəqiqə vaxt ayrılacaq.

Seçim turunda iştirakçılara ümumilikdə 21 riyaziyyat sualı təqdim olunacaq. Bunlardan 20-si çoxvariantlı, biri isə açıq tipli olacaq. İmtahanda maksimum nəticə 100 bal təşkil edəcək.

FMO iştirakçıların riyazi bilikləri ilə yanaşı, məntiqi düşünmə, analitik təhlil və problem həll etmə bacarıqlarını qiymətləndirən beynəlxalq yarışdır. Şagirdlər seçim mərhələsində müxtəlif çətinlik səviyyələrinə malik tapşırıqları həll edərək öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Seçim turunun nəticələrinə əsasən, hər sinif üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi isə bürünc medala layiq görüləcək. Növbəti 30 faiz iştirakçı isə həvəsləndirici mükafatla təltif olunacaq.

Qızıl, gümüş və bürünc medal qazanan şagirdlər FMO-nun Vyetnamın Hoşimin şəhərində keçiriləcək beynəlxalq final mərhələsinə qeydiyyat hüququ əldə edəcəklər. Finalda müxtəlif ölkələrdən olan iştirakçılar riyaziyyat üzrə bilik və bacarıqlarını beynəlxalq səviyyədə sınamaq imkanı qazanacaqlar.

Fermat Beynəlxalq Riyaziyyat Yarışması şagirdlərin riyaziyyata marağını artırmaq, onların akademik potensialını üzə çıxarmaq və beynəlxalq yarış təcrübəsi qazanmalarına şərait yaratmaq məqsədi daşıyır.

Global Olympiad Center bütün iştirakçılara uğurlar arzu edir.