Global Olympiad Center-in qalib olimpiadaçıları CBC Radio-nun “Səhər Saatı” verilişinin qonağı olublar.

Global Olympiad Center-in qalib olimpiadaçıları CBC Radio-nun “Səhər Saatı” verilişinin qonağı olublar.

Xanlar Mehdiyevin təqdimatında yayımlanan proqramda olimpiadaçılarımızın beynəlxalq arenada əldə etdiyi uğurlar, beynəlxalq olimpiadaların ali məktəblərə qəbul prosesində rolu və ölkəmizdə STEM istiqamətində formalaşan yeni təhsil mühiti haqqında ümumi məlumat verilib. Verilişdə GOC-un direktoru Xəyal İbrahimzadə beynəlxalq yarışların şagirdlərin analitik düşüncə, akademik inkişaf və qlobal təhsil inteqrasiyasına təsirini vurğulayıb.

Proqramda həmçinin Beynəlxalq Kopernik Olimpiadasının qalibi Cavidin uğur hekayəsinə toxunulub. Cavid dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan Honq Konq İnstitutuna beynəlxalq olimpiadalardakı nəticələri sayəsində qəbul olunub.

Verilişdə iştirak edən olimpiadaçı şagirdlər arasında 245 nömrəli tam orta məktəbin şagirdi Ünal Əliyev, FRİTL-in şagirdi Kamran Allahverdi, S.C.Pişəvəri adına respublika humanitar fənlər gimnaziyası şagirdi Lalə Abbasova və Tərəqqi Texniki-Humanitar Liseyinin şagirdi Amin İsmayılzadə yer alıblar.

Verilişdə olimpiadaçılarımız həm şəxsi maraqları, həm də gələcək təhsil planları barədə məlumat veriblər. Ünal Əliyev çıxışı zamanı gələcəkdə MİT-də təhsil almaq istədiyini və bu istiqamətdə motivasiyasının yüksək olduğunu bildirib. Lalə Abbasova isə riyaziyyata olan xüsusi marağından, rəqəmlərlə işləməyi sevdiyindən və hazırda 5-ci siniflər üzrə təhsil alsa da, gələcəkdə MIT-də oxumaq arzusunu vurğulayıb. O, eyni zamanda MIT-in dünyanın ən nüfuzlu ilk 10 universitetindən biri olduğunu qeyd edərək bu hədəfin onun üçün böyük stimul yaratdığını bildirib.

Kamran Allahverdi çıxışında astrofizikaya olan marağından danışaraq artıq 8-ci sinifdən etibarən öz gələcək karyerasını bu sahədə gördüyünü söyləyib. O, məqsədinin Harvard-da astrofizika üzrə təhsil almaq olduğunu və bunun üçün ardıcıl şəkildə çalışdığını ifadə edib.

Amin İsmayılzadə isə kibertəhlükəsizlik sahəsinə maraq göstərdiyini qeyd edərək təhsilini Azərbaycanda ADA Universitetində, Bakı Ali Neft Məktəbində və ya DTX Akademiyasında Kibertəhlükəsizlik ixtasası üzrə davam etdirməyi planlaşdırdığını bildirib.

Onların çıxışlarında olimpiada təcrübəsinin bilik, motivasiya və gələcək hədəflərinin formalaşmasında mühüm rol oynadığı qeyd olunub. Proqram geniş ictimai maraq doğuraraq ölkəmizin beynəlxalq təhsil arenasında artan mövqeyini bir daha nümayiş etdirib.