İki şagirdimiz Math Challenge 2025-in dünya reytinqində liderlik edir
International Math Challenge 2025 seçim turunun nəticələrinə əsasən iki azərbaycanlı şagird dünya reytinqində yüksək pillələrə yüksəlib. 15–16 noyabr tarixlərində keçirilən Grand seçim turunda minlərlə şagird bilik və bacarığını sınayıb və bu böyük rəqabət içində Azərbaycanın iki nümayəndəsi öz kateqoriyalarında ən yüksək nəticələri göstərib.
328 nömrəli məktəbin şagirdi Mirmehdi Əzizli IV kateqoriya üzrə dünyanın birincisi adını qazanıb. Yarışmanın mükafatlandırma siyasətinə uyğun olaraq o, iPad Air 11 inchplanşetlə təltif edilib.
Landau məktəbinin şagirdi Mixail Dmitriyev isə II kateqoriya üzrə göstərdiyi nəticə ilə dünya ikincisi olub və iPad 11 inch mükafatına layiq görülüb.
Bununla yanaşı, digər azərbaycanlı iştirakçılar da müxtəlif əyyarlı medallar – gold, silver, bronze, həmçinin fəxri fərman və iştirakçı sertifikatları əldə ediblər.
International Math Challenge (IMC) Tayland Təhsil Nazirliyi və Tayland Elm və Texnologiya İnkişafı Agentliyinin dəstəyi ilə həyata keçirilən beynəlxalq riyazi platformadır. Bu yarışma şagirdlərin analitik düşüncə tərzini, problemlərin həllinə yanaşma bacarığını və riyazi potensialını beynəlxalq səviyyədə ölçən nüfuzlu bir tədbir hesab olunur.
Yarışmanın növbəti final mərhələsi 27 yanvar – 1 fevral 2026tarixlərində Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək və orada 50-dən çox ölkənin iştirakı gözlənilir.
Sonda qeyd edək ki, medalçıların tam və rəsmi siyahısı GOC tərəfindən 24 noyabr – Bazar ertəsi günü elan olunacaq.