21 sentyabr 2025-ci il tarixində Azərbaycan Texniki Universitetinin İdman Sarayında World Mathematics Team Championship (WMTC) – Dünya Riyaziyyat Çempionatının Azərbaycan üzrə seçim turu Global Olympiad Center təşkillatçılığı ilə uğurla keçirilib.
Seçim turu üç mərhələdən – Fərdi, Relay və Komanda raundlarından ibarət olub. Şagirdlər bu mərhələlərdə öz riyazi bilik və bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar.
Çempionatın akademik heyətinə dünyanın ən nüfuzlu ali məktəblərindən biri – University of California, Berkeley Riyaziyyat Fakültəsinin professorları və Professor Quan bilavasitə rəhbərlik edir.
Seçim turunun qalibləri 3–8 dekabr 2025-ci il tarixlərində Tailandın paytaxtı Banqkokda keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcəklər. Bu mərhələdə iştirakçılar Çin, ABŞ, Kanada, İran, Braziliya kimi 30-dan çox ölkənin ən istedadlı gəncləri ilə birlikdə həm fərdi, həm də komanda olaraq yarışacaqlar.
Bu çempionat, iştirakçı şagirdlər üçün yalnız riyazi bacarıqlarını inkişaf etdirmək deyil, həm də beynəlxalq arenada özlərini göstərmək, mədəni mübadilə aparmaq və gələcək akademik karyeraları üçün mühüm təcrübə qazanmaq imkanı təqdim edir.
WMTC-nin nəticələri bu həftənin cümə günü elan olunacaqdır. Hər bir iştirakçıya uğurlar arzu edirik!