Hippo 2026 finalı Bakıda!

Ötən gün İtaliyanın Assisi şəhərində keçirilən Hippo Olimpiadasının rəsmi final mərhələsində növbəti il keçiriləcək regional final və ümumi final məkanları açıqlanıb. Ən mühüm yenilik ondan ibarətdir ki, ilk dəfə olaraq Hippo-nun böyük final mərhələsi Bakıda təşkil olunacaq. Bu qərar Azərbaycanın beynəlxalq təhsil tədbirləri xəritəsində nüfuzunu daha da gücləndirəcək mühüm hadisə kimi qiymətləndirilir.

Azərbaycanın bu uğuru, Global Olympiad Center-in (GOC) rəsmi nümayəndə statusu qazanmasından sonra beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının nəticəsidir. GOC bu dəfə də ölkə şagirdləri üçün mühüm nailiyyətə imza ataraq Hippo finalını paytaxtımıza gətirməyi bacarıb.

2026-cı ildən Hippo Olimpiadasının regional final mərhələləri dörd bölgədə keçiriləcək. Venesiya Aralıq dənizi və Mərkəzi Avropa ölkələrini bir araya gətirəcək, Banqkok Hind yarımadası, Cənub-Şərqi Asiya və Uzaq Şərqdən şagirdləri qəbul edəcək, Buenos Aires isə Amerika qitəsini əhatə edəcək. Bakı isə Afrika, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin regional final mərkəzi olacaq və bu mərhələ ən geniş iştiraklı final kimi tarixə düşəcək. Burada 30-dan çox ölkədən yüzlərlə şagird finala vəsiqə uğrunda mübarizə aparacaq.

Seçim turları Azərbaycanda 4 aprel tarixində Bakı, Sumqayıt, Gəncə, Naxçıvan və Lənkəran şəhərlərində keçiriləcək. Regional final isə 24–26 iyun 2026-cı il tarixlərində Bakıda baş tutacaq.

Qeyd edək ki, Hippo Olimpiadası hər il sürətlə böyüyən beynəlxalq layihələrdən biridir. Təkcə ötən il yarışmada 100-dən çox ölkədən 930 mindən artıq şagird iştirak edib. 2012-ci ildən təşkil olunan Hippo-nun məqsədi ingilis dilinin tədrisini təşviq etmək, şagirdlərə beynəlxalq mühitdə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Mərkəzi ofisi İtaliyanın Lido di Jesolo şəhərində yerləşən Hippo bu gün dünya üzrə ən kütləvi və etibarlı ingilis dili olimpiadalarından biri kimi tanınır.