IEO 2025 – Azərbaycan Yekunlaşdı!
Azərbaycan təhsil tarixində ilk dəfə olaraq dünyanın ən nüfuzlu iqtisadiyyat və maliyyə üzrə şagird olimpiadası – International Economics Olympiad (IEO) 2025 20–29 iyul tarixlərində Bakı şəhərində uğurla təşkil olundu. Dünyanın 30-dan çox ölkəsi bu nüfuzlu yarışa fiziki, 21 ölkə isə onlayn formada qatıldı.
Yarışda iştirak edən komandalar iqtisadiyyat, maliyyə və business case istiqamətləri üzrə bilik və bacarıqlarını nümayiş etdirdilər. İştirakçılar həm fərdi, həm də komanda nəticələrinə əsasən qiymətləndirildi.
Əyani formada olimpiadaya qoşulan ölkələr sırasında Albaniya, Azərbaycan, Braziliya, Çin, Kanada, Kipr, Yunanıstan, İndoneziya, İsveçrə, İspaniya, Rusiya, Qana, Papua Yeni Qvineya, Kenya, İran, Qazaxıstan, Özbəkistan, Pakistan, Birləşmiş Krallıq, Ekvador, Şri Lanka, Türkiyə, Çin (Makao), Çin (Honq Konq), Şimali Makedoniya, Rumıniya, Malayziya, Meksika, Nepal və Sloveniya yer aldı.
Onlayn formada isə Ermənistan, Banqladeş, Braziliya, Bolqarıstan, Kolumbiya, Xorvatiya, Ekvador, Gürcüstan, Honq Konq, Hindistan, Monqolustan, Nigeriya, Peru, Filippin, Portuqaliya, Cənubi Koreya, Ruanda, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayvan, Tailand, BƏƏ, ABŞ və Vyetnam komandaları iştirak etdilər.
Mükafatlandırma mərasimi beynəlxalq səviyyədə xüsusi diqqət gördü. Tədbirdə Meksika, Yunanıstan, İsveçrə və Malayziya səfirlik və konsulluqlarının nümayəndələri iştirak etdilər.
Tədbirin bağlanış mərasimində çıxış edən Global Olympiad Center-in direktoru və IEO 2025 Təşkilat Komitəsinin rəhbəri Xəyal İbrahimzadə bildirib: “Bu olimpiada Azərbaycanın elmi və təhsil potensialını beynəlxalq miqyasda nümayiş etdirmək üçün əvəzsiz fürsət oldu. Dünyanın hər yerindən gələn parlaq gənclərin burada – Bakıda bir araya gəlməsi, biliklərini bölüşməsi, yeni dostluqlar qurması bizim üçün böyük qürur mənbəyidir. İnanıram ki, bu təcrübə hər bir iştirakçının həyatında silinməz iz buraxacaq.”
Olimpiadanın yekun nəticələrinə əsasən, 133 nəfər müxtəlif dərəcəli medal qazandı. Komanda nəticələrinə görə birinci yeri Sinqapur, ikinci yeri Kanada, üçüncü yeri isə Çin və Rusiya komandaları bölüşdülər.
Azərbaycan komandası yarışmada ikinci dəfə iştirak edərək uğurlu nəticə göstərdi. Komanda üzvlərindən Aişə Tapdıqzadə, Daniyar Əliyev və Rafiq Bədəlov bürünc medal qazandılar. Eyni zamanda, Daniyar Əliyev maliyyə sahəsində ən yüksək nəticə göstərərək Fəxri Döş Nişanı ilə təltif olundu.
Olimpiada çərçivəsində iştirakçılar Azərbaycanın zəngin mədəniyyəti və tarixi ilə yaxından tanış oldular. Onlar İçərişəhər, İncəsənət Muzeyi, Tarix Muzeyi, Xalça Muzeyi, Qobustan Qayaüstü Rəsmləri, Palçıq Vulkanları, Atəşgah və Yanardağ kimi mühüm məkanları ziyarət etdilər.
Mükafatlandırma mərasimi beynəlxalq səviyyədə xüsusi diqqət gördü. Tədbirdə Meksika, Yunanıstan, İsveçrə, Malayziya və digər ölkələrin səfirlik və konsulluqlarının nümayəndələri iştirak etdilər.
IEO 2025 yalnız bir elmi yarış deyil, həm də beynəlxalq dostluğun, intellektual əməkdaşlığın və mədəniyyətlərarası dialoqun əhəmiyyətli nümunəsinə çevrildi. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq təhsil platformalarındakı rolunu daha da möhkəmləndirdi.
Mərasimin sonunda IEO 2025 ev sahibliyinin rəsmi olaraq yekunlaşdığını bildirən Xəyal İbrahimzadə, gələn il təşkil ediləcək IEO 2026-nın rəsmi ev sahibliyini simvolizə edən IEO bayrağını Çin komandasına təhvil verdi.
Bu hadisə ilə Azərbaycan bir daha beynəlxalq elmi əməkdaşlıq və intellektual inteqrasiya sahəsində öz liderliyini təsdiqləmiş oldu.