Global Olympiad Center tərəfindən 2024–2025-ci tədris ili üçün təsis edilən Məktəbli Təqaüd Proqramı çərçivəsində minlərlə iştirakçı arasından ən yüksək nəticə göstərən 9 məktəbli qalib elan olunub.
GOC bu proqramla, yalnız yüksək nəticə göstərənləri deyil, sistemli çalışan, davamlı irəliləyiş göstərən və təhsildə motivasiyasını qoruyan şagirdləri tanımağı və dəstəkləməyi qarşısına məqsəd qoyub. Eyni zamanda təqaüdlərin motivasiyaedici təsiri ilə gələcəkdə daha geniş miqyaslı regional və beynəlxalq uğurların əsasının qoyulması hədəflənir.
Təqaüdlər 2024-cü ilin sentyabr ayından etibarən qüvvəyə minəcək və 9 ay boyunca (may 2025-dək) aylıq təhsil ödənişlərinə tətbiq olunan maddi dəstək formasında təqdim olunacaq.
Təqaüdlər, şagirdlərin GOC-un təşkil etdiyi beynəlxalq olimpiada və yarışlarda göstərdiyi nəticələrə əsasən verilib.
Qiymətləndirmə meyarları:
🥇 Qızıl medal – 10 bal
🥈 Gümüş medal – 8 bal
🥉 Bürünc medal – 6 bal
🎖 Honourable Mention – 3 bal
🟢 Participation Sertifikatı – 1 bal
Yalnız 70 və daha çox bal toplamış şagirdlər bu təqaüd üçün yarışa bilib.
Heydər Əliyev adına “Diamond Təqaüdü”
Global Olympiad Center-in təqdim etdiyi bu təqaüd proqramının ən ali pilləsində yer alan Diamond Təqaüdü, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyır. Bu təqaüd yalnız yarış dövründə fərqlənməklə kifayətlənməyən, həm də strateji düşünmə, davamlı performans və liderlik xüsusiyyətləri nümayiş etdirən şagirdə təqdim olunur.
Qalib: Cüneyd Qənbərov – öz nəticələri ilə təkcə yüksək bal toplamaqla kifayətlənməyib, həm də təmsil etdiyi məktəbi və ölkəni layiqincə təmsil etməyi bacarıb.
Polad Həşimov adına “Zəfər Qızıl Təqaüdü”
Milli qəhrəman Polad Həşimovun adını daşıyan bu təqaüd, elm və əzm yolunda mətin addımlarla irəliləyən, qarşılaşdığı çətinliklərə baxmayaraq yüksək nəticə əldə etmiş şagirdlərə təqdim olunur. Bu təqaüd, zəfərin yalnız döyüş meydanında deyil, təhsil və zəka meydanında da mümkün olduğunu simvolizə edir.
Qaliblər: Cəmil Qasımov, Suel Dəmirzadə – hər iki şagird beynəlxalq yarışlarda sabit nəticə göstərərək öz potensialını tam şəkildə nümayiş etdirib.
Lütfizadə adına “Gümüş Təqaüdü”
Azərbaycan mənşəli dünya şöhrətli alim Lütfi Zadənin adı ilə bağlı bu təqaüd, elmə dərin maraq, analitik düşüncə bacarığı və yaradıcılıq potensialı ilə seçilən şagirdlərə təqdim edilir. Gümüş təqaüd sahibləri elmi istiqamətdə inkişaf üçün möhkəm təməl qoyan, daim öz üzərində çalışan və mütəmadi olaraq yüksələn tələbələrdir.
Qaliblər: Murad Rəcəbov, Yusif Həsənzadə, Səid Məmmədov – üçlüyün hər biri müxtəlif yarışlarda fərqli sahələr üzrə uğurlar əldə edərək bu təqaüdə layiq görülüb.
Tusi adına “Bürünc Təqaüdü”
Orta əsr Şərq elminin parlaq siması, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin adını daşıyan bu təqaüd, potensialı olan və gələcəkdə daha böyük nailiyyətlər göstərə biləcək şagirdlərə təqdim olunur. Bürünc təqaüd yalnız nəticəyə deyil, həm də şagirdin niyyətinə, zəhmətinə və inkişaf yolundakı səmimiyyətinə verilən dəyərdir.
Qaliblər: Daria Dmitriyeva, İlkin Qurbanzadə, Fərhad Osmanov – bu şagirdlər öz əzm və davamlı iştirakları ilə gələcəyin uğurlu elm adamları və düşüncə sahibləri olmağa iddialıdırlar.
Global Olympiad Center qalib şagirdləri və onların ailələrini təbrik edir, növbəti illərdə bu təşəbbüsün daha da genişləndirilməsi və daha çox istedadın cəlb olunması üçün fəaliyyətlərini davam etdirəcəyini bildirir.
Şagirldərin listi: https://bit.ly/3TLZXZR