Azərbaycanın
istedadlı gənc riyaziyyatçıları 12-17 fevral
tarixlərində Tailandın Banqkok şəhərində
keçiriləcək International Math Challenge
(IMC) 2025 finalında 140 ölkədən yüksək nəticə göstərən şagirdlərlə
bilik yarışına qatılacaqlar.
IMC,
dünyanın müxtəlif ölkələrindən riyaziyyata maraq göstərən şagirdləri bir araya
gətirən prestijli beynəlxalq yarışmalardan biridir. Bu yarışma təkcə riyazi
biliklərin yoxlanılması deyil, həm də şagirdlərin məntiqi və analitik düşünmə
qabiliyyətlərini inkişaf etdirməsi üçün yaradılan bir platformadır.
Yarışmada
uğur qazanan şagirdlər dünyanın ən nüfuzlu 6 universitetindən birinə tam təqaüdlə
qəbul olmaq imkanı əldə edəcəklər. Belə ki, ötən il 21 azərbaycanlı şagird IMC
sayəsində ABŞ və Avropanın aparıcı universitetlərindən 88.000$ dəyərində təqaüd
qazanıblar.
Bundan əlavə,
yarışmada iştirakçılar beynəlxalq səviyyədə tanınma qazanır, akademik
portfoliolarını gücləndirir və gələcək universitet müraciətlərində üstünlük əldə
edirlər.
IMC 2025
finalı yalnız riyazi biliklərin nümayiş olunduğu bir yarış deyil, eyni zamanda
mədəniyyətlərarası təcrübə qazandıran unikal bir fürsətdir. Şagirdlər Banqkok və
Pattayada təşkil olunan elmi və mədəni ekskursiyalarda iştirak edərək Tailandın
tarixi və mədəniyyəti ilə tanış olacaqlar.
Ölkəmizi IMC
finalında təmsil edəcək şagirdlər:
4-cü kateqoriya üzrə - Əli Cəbrayılzadə,
Cüneyd Qənbərov, Ayxan Abbaslı, Paşa Cabbarlı, Cəsur Əlizadə, Mehdi İbrahimov;
3-cü kateqoriya üzrə - Yusif
Qocayev, Davud Adışirinli, Əlixan Əsədov, Yusif Abbasov, Nilay Mustafayeva,
Aslı Topalova, Daria Dmitriyeva;
2-ci kateqoriya üzrə - Minayə
Hacılı, Əli Hüseynzadə;
Kids kateqoriyası üzrə - Mixail
Dmitriyev.
Bütün iştirakçılara uğurlar arzu edirik!