Global Olympiad Center-in təşkilatçılığı ilə keçirilən Azərbaycan Milli İqtisadiyyat Olimpiadasının (AzMİO) 2026-2027-ci tədris ili üzrə seçim turuna qeydiyyat başlayıb. 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan olimpiadanın seçim mərhələsi 10 yanvar 2027-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahan hər iki şəhərdə saat 11:00-da başlayacaq.
AzMİO Beynəlxalq İqtisadiyyat Olimpiadasında (IEO 2027) Azərbaycanı təmsil edəcək milli komandanın müəyyənləşdirilməsi məqsədilə keçirilir. Olimpiadanın yekun nəticələrinə əsasən seçiləcək 5 şagird 6-14 avqust 2027-ci il tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək IEO 2027-nin final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaq.
Azərbaycan Milli İqtisadiyyat Olimpiadası iki mərhələdən ibarətdir. Birinci mərhələdə şagirdlər seçim turunda iştirak edəcəklər. Hər kateqoriya üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 30 faizi ikinci mərhələyə, Milli Finala vəsiqə qazanacaq. Azərbaycan milli komandasının yekun tərkibi isə yalnız Milli Finalın nəticələri əsasında müəyyənləşdiriləcək.
Olimpiada iştirakçıların sinif səviyyələrinə uyğun olaraq iki kateqoriyada təşkil olunacaq. Junior kateqoriyası 5-8-ci, Senior kateqoriyası isə 9-11-ci sinif şagirdlərini əhatə edəcək. İştirakçılar hər kateqoriya üzrə ayrıca qiymətləndiriləcəklər.
Seçim turunda şagirdlərə iqtisadiyyat və maliyyə savadlılığı üzrə 25 çoxvariantlı sual təqdim olunacaq. İmtahan 60 dəqiqə davam edəcək və maksimum nəticə 100 bal təşkil edəcək. Tapşırıqlar iştirakçıların iqtisadi bilikləri ilə yanaşı, məntiqi düşünmə, məlumatları təhlil etmə və qərarvermə bacarıqlarını qiymətləndirəcək.
Milli Final mərhələsində isə şagirdlərə daha yüksək analitik düşünmə tələb edən qapalı və açıq tipli tapşırıqlar təqdim olunacaq. Bu mərhələdə iştirakçıların iqtisadi problemləri təhlil etmə, əsaslandırılmış qərarlar qəbul etmə və praktiki məsələləri həll etmə bacarıqları yoxlanılacaq.
Finalın nəticələrinə əsasən, hər kateqoriya üzrə ən yüksək nəticə göstərən ilk 5 şagird qızıl, növbəti 10 şagird gümüş, sonrakı 15 şagird isə bürünc medala layiq görüləcək. Beynəlxalq İqtisadiyyat Olimpiadasında ölkəmizi təmsil edəcək 5 nəfərlik milli komanda da Milli Finalın yekun nəticələrinə əsasən seçiləcək.
Qeyd edək ki, AzMİO-nun əsas məqsədi məktəblilər arasında iqtisadi və maliyyə savadlılığını inkişaf etdirmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların beynəlxalq səviyyədə akademik uğurlar qazanmasına şərait yaratmaqdır. Olimpiada iştirakçılara mikroiqtisadiyyat, makroiqtisadiyyat, maliyyə savadlılığı və iqtisadi qərarvermə üzrə biliklərini sınamaq imkanı yaradır.
İqtisadiyyat və maliyyə savadlılığının məktəb yaşlarından inkişaf etdirilməsi şagirdlərin gündəlik həyatda daha əsaslandırılmış qərarlar qəbul etməsi, maliyyə resurslarını düzgün qiymətləndirməsi və gələcək akademik istiqamətlərini müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.
AzMİO-nun seçim turu Bakı və Naxçıvan şəhərlərində əyani formada keçiriləcək. İmtahan mərkəzlərinin dəqiq ünvanları iştirakçıların şəxsi kabinetlərində və Global Olympiad Center-in rəsmi kommunikasiya kanallarında elan olunacaq.
Olimpiadada iştirak etmək istəyən şagirdlər goc.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.