AI Azerbaijan 2027 Azərbaycan Süni İntellekt Olimpiadasına qeydiyyat başladı

Global Olympiad Center-in təşkilatçılığı ilə keçirilən AI Azerbaijan 2027 Azərbaycan Süni İntellekt Olimpiadasına qeydiyyat başlayıb. Beynəlxalq Süni İntellekt Olimpiadası (IOAI 2027) çərçivəsində Azərbaycanın milli seçim mərhələsi olan olimpiadada iştirak tamamilə ödənişsizdir. Seçim turu 10 yanvar 2027-ci il tarixində Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində təşkil olunacaq.


2-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan olimpiada iki əsas mərhələdən, Milli Seçim Turu və Milli Finaldan ibarətdir. Milli Finalın nəticələrinə əsasən müəyyənləşdiriləcək 5 şagird Azərbaycanı 4-10 iyul 2027-ci il tarixlərində Sinqapurda keçiriləcək Beynəlxalq Süni İntellekt Olimpiadasında (IOAI 2027) təmsil etmək hüququ qazanacaq.


AI Azerbaijan 2027-nin əsas məqsədi məktəblilər arasında süni intellekt sahəsinə marağı artırmaq, riyazi və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək, analitik potensiala malik şagirdləri müəyyənləşdirmək və onların beynəlxalq səviyyədə yarışmasına şərait yaratmaqdır.


Olimpiada iştirakçıların sinif səviyyələrinə uyğun olaraq dörd kateqoriyada keçiriləcək. AI Explorers kateqoriyası 2-3-cü, AI Creators 4-5-ci, AI Junior 6-8-ci, AI Senior isə 9-11-ci sinif şagirdlərini əhatə edəcək.


AI Explorers və AI Creators kateqoriyalarında olimpiada həvəsləndirici xarakter daşıyacaq. Bu kateqoriyalarda iştirakçılar yalnız seçim turunda yarışacaqlar. Hər kateqoriya üzrə ən yüksək nəticə göstərən 5 şagird qızıl, növbəti 10 şagird gümüş, sonrakı 15 şagird isə bürünc medala layiq görüləcək.


AI Junior və AI Senior kateqoriyaları üzrə isə seçim mərhələsində ən yüksək nəticə göstərən iştirakçıların ilk 30 faizi Milli Finala vəsiqə qazanacaq. Bu mərhələdə şagirdlərin daha dərin riyazi bilikləri, analitik düşünmə, məlumatların təhlili və alqoritmik modelləşdirmə bacarıqları qiymətləndiriləcək.


Milli seçim turu bütün imtahan mərkəzlərində saat 11:00-da başlayacaq. Əyani formatda keçiriləcək imtahanda iştirakçılara 25 çoxvariantlı sual təqdim olunacaq. İmtahan 60 dəqiqə davam edəcək və maksimum nəticə 100 bal təşkil edəcək. Hər düzgün cavab 4 balla qiymətləndiriləcək, səhv cavablara görə isə bal çıxılmayacaq.


AI Junior və AI Senior kateqoriyalarında imtahan suallarının 60 faizi riyaziyyat, 40 faizi isə məntiq istiqamətini əhatə edəcək. Tapşırıqlar vasitəsilə iştirakçıların ədədi ardıcıllıqları müəyyənləşdirmə, məntiqi nəticə çıxarma, qrafik və cədvəlləri təhlil etmə, ehtimal və alqoritmik düşünmə bacarıqları yoxlanılacaq. Aşağı yaş kateqoriyaları üzrə tapşırıqlar isə şagirdlərin yaş səviyyəsinə uyğun riyazi bilikləri və süni intellekt haqqında ilkin anlayışları əhatə edəcək.


Qeyd edək ki, süni intellekt müasir dövrdə elm, təhsil, texnologiya və iqtisadiyyatın inkişafında mühüm rol oynayan istiqamətlərdən birinə çevrilib. Bu sahəyə məktəb yaşlarından marağın formalaşdırılması şagirdlərin gələcəyin texnologiyalarına hazırlanması, rəqəmsal savadlılığının artırılması və elmi potensialının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.


Global Olympiad Center tərəfindən təşkil olunan AI Azerbaijan Olimpiadası şagirdlərə süni intellekt sahəsində biliklərini sınamaqla yanaşı, beynəlxalq akademik mühitə çıxış imkanı yaradır. Milli Finalın nəticələrinə əsasən formalaşdırılacaq Azərbaycan komandası Sinqapurda dünyanın müxtəlif ölkələrindən olan şagirdlərlə yarışacaq.


AI Azerbaijan 2027 olimpiadasında iştirak etmək istəyən şagirdlər goc.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Olimpiadaya qeydiyyat ödənişsizdir.