WMTC- Dünya Riyaziyyat Çempionatının seçim turu keçirilib

20 sentyabr tarixində Bakıda, Odlar Yurdu Universitetində World Mathematics Team Championship (WMTC) — Dünya Riyaziyyat Çempionatının ölkə üzrə seçim turu keçirilib.

Seçim turunda 5–11-ci sinif şagirdləri Junior, Intermediate və Advanced yaş kateqoriyaları üzrə öz riyazi bilik və bacarıqlarını sınayıblar. İştirakçılar yarış çərçivəsində Fərdi (Individual) və Komanda (Team) raundlarında mübarizə aparıblar.

Relay (estafet) raundunun qaydalarının şagirdlər tərəfindən başa düşülməsində çətinliklərin yarandığı və iştirakçıların bu raunda hazır olmadığı nəzərə alınaraq, həmin raundun ləğv edilməsinə qərar verilib. Yekun nəticələr Fərdi və Komanda raundlarında əldə olunan göstəricilər əsasında hesablanacaq.

WMTC-nin akademik heyətinə dünyanın nüfuzlu ali məktəblərindən biri olan Kaliforniya Universitetinin Berkli kampusunun riyaziyyat professorları və professor Quan rəhbərlik edir. Çempionat şagirdlərin riyazi düşünmə, məntiqi təfəkkür və problem həll etmə bacarıqlarının inkişafına, eləcə də beynəlxalq səviyyədə təcrübə qazanmalarına imkan yaradır.

Seçim turunun nəticələri imtahan tarixindən etibarən 7–10 gün ərzində Global Olimpiad Centerin rəsmi web-saytında və sosail media hesablarında elan olunacaq. Nəticələrə əsasən qaliblər Taylandda keçiriləcək WMTC-nin final mərhələsində Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Final mərhələsində Çin, ABŞ, Kanada, İran, Braziliya və digər ölkələrdən olan istedadlı şagirdlər iştirak edəcəklər.

Beynəlxalq yarış iştirakçılara riyazi biliklərini nümayiş etdirməklə yanaşı, müxtəlif ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq, mədəni mübadilə aparmaq və gələcək akademik fəaliyyətləri üçün beynəlxalq təcrübə qazanmaq şansı qazanacaqlar.

Bütün iştirakçılara uğurlar arzulayırıq!