20 sentyabr tarixində Bakı şəhərində WMTC Dünya Riyaziyyat Komanda Çempionatının Azərbaycan üzrə seçim turu keçiriləcək. Odlar Yurdu Universitetində təşkil olunacaq yarışda şagirdlər fərdi və komanda formatında riyaziyyat üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Yarış üç kateqoriya üzrə keçiriləcək. Junior kateqoriyasında 28, Intermediate kateqoriyasında 26, Advanced kateqoriyasında isə 9 komanda mübarizə aparacaq. Hər komanda 4-5-6 nəfərdən ibarət şagirdlərdən ibarət olacaq.
Qeyd edək ki, WMTC ənənəvi üsulla keçirilən fərdi riyaziyyat yarışmalarından formatına görə fərqlənir. İştirakçıların burada yalnız fərdi nəticələri deyil, komanda daxilində əməkdaşlığı, vaxtın idarə olunması, strateji düşünmə və birgə problem həll etmə bacarıqları da qiymətləndiriləcək.
Yarış saat 11:00-da fərdi mərhələ ilə başlayacaq. Fərdi mərhələnin ilk raundunda iştirakçılara 15 çoxvariantlı sual təqdim olunacaq və onların cavablandırılması üçün 20 dəqiqə vaxt veriləcək. Hər düzgün cavab 2 bal, cavablandırılmayan sual 0,5 bal, səhv cavab isə 0 bal ilə qiymətləndiriləcək.
Fərdi mərhələnin ikinci raundunda şagirdlər 8 açıq tipli sualı 40 dəqiqə ərzində həll edəcəklər. İlk 6 sualın hər biri 4, son 2 sualın hər biri isə 8 bal dəyərində olacaq. Bu mərhələdə səhv və cavablandırılmayan suallara bal verilməyəcək.
Bundan sonra yarış estafet raundu ilə davam edəcək. Bu mərhələdə hər komanda A və B olmaqla iki yarımqrupa bölünəcək. Estafet üç raunddan ibarət olacaq və hər raund üçün 7 dəqiqə vaxt ayrılacaq.
Estafet mərhələsinin əsas xüsusiyyəti komanda üzvlərinin bir-birinin nəticəsindən asılı şəkildə işləməsidir. A iştirakçısı tapşırığı həll etdikdən sonra cavabını B iştirakçısına ötürəcək. B iştirakçısı aldığı nəticədən istifadə edərək tapşırığı tamamlayacaq və yekun cavabı təqdim edəcək. Beləliklə, bu raundda iştirakçıların həm düzgün həll tapması, həm də komanda daxilində koordinasiyalı fəaliyyət göstərməsi əsas rol oynayacaq.
Yarışın son hissəsi komanda raundudur. Bu mərhələdə komanda üzvləri birlikdə 14 açıq tipli sual üzərində işləyəcək. Hər düzgün cavab 5 balla qiymətləndiriləcək və komanda raundunda maksimum 70 bal toplamaq mümkün olacaq. Raundun sonunda hər komanda tərəfindən yalnız bir yekun cavab dəsti təqdim ediləcək.
Komandaların yekun nəticəsi iştirakçıların fərdi raundlarda topladığı balların orta göstəricisi, estafet raundunun nəticəsi və komanda raundunda əldə olunan balın cəmi əsasında müəyyənləşdiriləcək.
Fərdi nəticələrə görə iştirakçıların ilk 10 faizi qızıl, növbəti 20 faizi gümüş, sonrakı 30 faizi isə bürünc medala layiq görüləcək. Komanda nəticələrinə əsasən isə hər kateqoriya üzrə ilk üç yeri tutan komandalar kubok və sertifikatla mükafatlandırılacaqlar.
WMTC Dünya Riyaziyyat Komanda Çempionatı şagirdlərin riyazi biliklərini sınamaqla yanaşı, onların komanda işi, strateji qərarvermə və ortaq həll yolu tapmaq bacarıqlarını da qiymətləndirən beynəlxalq yarış formatıdır.