Global Olympiad Center-in 2026–2027-ci tədris ili üzrə GOC Volunteers proqramına qəbul nəticələri açıqlanıb. Müsahibə və qiymətləndirmə mərhələlərinin yekununa əsasən, 468 könüllü və 16 team leader müəyyənləşdirilib. Seçilmiş namizədlərə nəticələrlə bağlı məlumat veb-SMS vasitəsilə göndərilib.
Yeni mövsüm üzrə könüllülərin 340 nəfəri Bakı, 60 nəfəri Sumqayıt, 57 nəfəri Gəncə, 11 nəfəri isə Naxçıvan şəhərindən seçilib. Beləliklə, dörd şəhər üzrə ümumilikdə 468 namizəd könüllü kimi proqramda fəaliyyət göstərəcək.
GOC Volunteers proqramının 2026–2027-ci tədris ili üzrə qəbul prosesinə ümumilikdə 1838 müraciət daxil olmuşdu. Onlardan 1413 nəfər könüllü, 425 nəfər isə team leader olmaq üçün müraciət etmişdi.
Qeydiyyat mərhələsindən sonra namizədlərlə müsahibələr keçirilib. Seçim zamanı onların motivasiyası, məsuliyyətliliyi, ünsiyyət və komanda ilə işləmək bacarıqları, eləcə də müraciət etdikləri fəaliyyət istiqamətinə uyğunluğu qiymətləndirilib.
Proqrama qəbul olunan könüllülər və team leaderlər Global Olympiad Center tərəfindən təşkil ediləcək beynəlxalq olimpiadaların, yarışların, təhsil layihələrinin və müxtəlif tədbirlərin təşkilati proseslərində iştirak edəcəklər.
GOC Volunteers proqramı çərçivəsində iştirakçılar tədbirlərin təşkili üzrə praktiki təcrübə qazanmaqla yanaşı, komanda işi, təşkilatçılıq, ünsiyyət və liderlik bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Seçilən bütün könüllülərə uğurlar arzu edirik!