Azərbaycan Milli Komandası “Copernicus” beynəlxalq olimpiadasının final mərhələsində iştirak etmək məqsədilə ABŞ-ın NYU şəhərinə yola düşüb. Milli komanda olimpiadanın finalında ölkəmizi beynəlxalq səviyyədə təmsil edəcək.
Final mərhələsində Azərbaycanı təmsil edən şagirdlər Bakı və müxtəlif regionlardan seçilərək yarışmada iştirak edəcəklər. Komanda üzvləri ölkəmizi 5 kateqoriya üzrə təmsil edəcəklər :
I Kateqoriyada Həsən Talıbzadə Hədəf Liseyini, Yusif Gülməmmədov isə 200 nömrəli tam orta məktəbi təmsil etmişdir.
II Kateqoriyada Hüseyn Bağırlı Kaspi International School-u, Mələk Məmmədova isə Gəncə Dünya Məktəbini təmsil etmişdir.
III Kateqoriyada Səlim İbrahimli Bakı Dünya Məktəbini, İman Səfərli Zirvə Liseyini, Vaqif Həbibzadə Bakı Oxford School tam orta məktəbini, Toğrul Əhmədzadə 160 nömrəli klassik gimnaziyanı, Atilla Abdulla isə 145 nömrəli tam orta məktəbi təmsil etmişdir.
IV Kateqoriyada Mirnihad İsmayılzadə Akademik Zərifə Əliyeva adına liseyi, Alışan Uğur BDU-nun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyini, Əlixan Əsədov 31 nömrəli tam orta məktəbi, Samir Məmmədov Gəncə Dünya Məktəbini, Elvin İsazadə isə Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini təmsil etmişdir.
V Kateqoriyada Murad Musazadə SABIS SUN International School-u təmsil etmişdir.
Milli komanda Global Olympiad Center-dan Xəyal İbrahimzadənin rəhbərliyi altında səfər edəcək.
Olimpiada proqramına əsasən iştirakçılar üçün zəngin proqram hazırlanıb. Proqrama açılış və mükafatlandırma mərasimləri, hazırlıq sessiyası, əsas imtahan, habelə Nyu-Yorkun görməli yerlərinə – Riyaziyyat Muzeyi, Mərkəzi Park, Tayms Meydanı, Azadlıq Heykəli və SUMMIT One Vanderbilt-ə ekskursiyalar daxildir. Proqramın sonunda iştirakçılar hotellərdən hava limanlarına transfer olunacaqlar.
Qeyd edək ki, “Copernicus” final mərhələsi akademik imtahanla yanaşı, beynəlxalq səviyyəli mükafatlandırma mərasimi, elmi və mədəni ekskursiyalar, şəhər turları və sosial proqramları da əhatə edir. Olimpiadanın bu il final mərhələsində Angola, Azərbaycan, Boliviya, Qana, Qazaxıstan, Keniya, Qırğızıstan, Monqolustan, Pakistan, Peru, Rusiya, Türkiyə və Özbəkistan da daxil olmaqla müxtəlif ölkələrin iştirakçıları bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Olimpiada şagirdlər arasında bilik mübadiləsinin genişlənməsinə və beynəlxalq təcrübənin artırılmasına xidmət edir.