Sidneydə Azərbaycanlı Şagirddən Yüksək Nailiyyət!

Müasir İnnovasiyalar Liseyinin 8-ci sinif şagirdi Aylin Cəfərsoy Avstraliyanın Sidney şəhərində keçirilən NextGen Beynəlxalq İngilis Dili Yarışmasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb.

13-16 aprel tarixlərində təşkil olunan final mərhələsində müxtəlif ölkələrdən olan şagirdlər iştirak edərək dil bilikləri, ünsiyyət bacarıqları və analitik düşünmə qabiliyyətləri üzrə qiymətləndirilib. Yarış iştirakçılara beynəlxalq akademik mühitdə öz biliklərini nümayiş etdirmək və fərqli ölkələrdən olan həmyaşıdları ilə təcrübə mübadiləsi aparmaq imkanı təqdim edib.

Qeyd edək ki, NextGen Beynəlxalq İngilis Dili Yarışması şagirdlərin yalnız nəzəri biliklərini deyil, eyni zamanda təqdimat və tənqidi düşünmə bacarıqlarını da qiymətləndirən beynəlxalq platforma kimi tanınır. Final mərhələsində Azərbaycanla yanaşı Ruminiya, Pakistan, Türkiyə, Monqolustan, Honq Konq, İndoneziya, Flippin, Çin və Qazaxıstan da daxil olmaqla bir sıra ölkələrin nümayəndələri iştirak ediblər.

Final proqramı çərçivəsində iştirakçılar imtahanla yanaşı müxtəlif akademik və sosial fəaliyyətlərə qoşulub, beynəlxalq mühitdə ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Global Olympiad Center olaraq Aylin Cəfərsoyu əldə etdiyi nəticə münasibətilə təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq.