GOC Könüllülük Proqramı üzrə müsahibə mərhələsi başa çatıb

Global Olympiad Center-in 2026–2027 tədris ili üzrə Könüllülük Proqramına ümumilikdə 1838 müraciət daxil olub. Onlardan 1413 nəfər könüllü, 425 nəfər isə Team Lider olaraq proqrama qoşulmaq üçün müraciət edib.

Müraciətlər Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri üzrə qəbul olunub. Qeydiyyat mərhələsindən sonra namizədlərlə aparılan müsahibələr yekunlaşıb və hazırda seçim prosesinin son qiymətləndirmə mərhələsi həyata keçirilir.

Seçim zamanı namizədlərin motivasiyası, komanda ilə işləmək bacarığı, məsuliyyətlilik, ünsiyyət qabiliyyəti və seçdikləri fəaliyyət istiqamətinə uyğunluğu nəzərə alınır.

Proqrama qəbul olunan namizədlər GOC tərəfindən təşkil edilən beynəlxalq olimpiadaların, yarışların, təhsil layihələrinin və müxtəlif tədbirlərin təşkilati proseslərində iştirak edəcəklər. Proqram çərçivəsində könüllülərin praktiki təcrübə qazanması, komanda işi, təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirməsi nəzərdə tutulur.

Müsahibə mərhələsini uğurla keçərək proqrama qəbul olunan namizədlərə nəticələr barədə bu həftə ərzində məlumat veriləcək.