Olympiad USA Beynəlxalq İngilis Dili Olimpiadasının 2026–2027 tədris ili üzrə seçim mərhələsinə qeydiyyat başlayıb. 3-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan seçim turu 25 oktyabr 2026-cı il tarixində Bakı, Sumqayıt və Naxçıvan şəhərlərində keçiriləcək.
İmtahan saat 11:00-da başlayacaq və 90 dəqiqə davam edəcək. İştirakçılara 35 çoxvariantlı sual təqdim olunacaq. Maksimum nəticə 150 baldır.
Olimpiada şagirdlərin ingilis dili üzrə bilikləri ilə yanaşı, oxuyub-anlama, analitik düşünmə, məntiqi nəticə çıxarma və düzgün ifadəetmə bacarıqlarının qiymətləndirilməsini nəzərdə tutur.
Seçim mərhələsi siniflər üzrə beş kateqoriyada təşkil ediləcək. 3-4-cü siniflər “Sky Blue Eagles”, 5-6-cı siniflər “Yellow Eagles”, 7-8-ci siniflər “Green Eagles”, 9-10-cu siniflər “Blue Eagles”, 11-ci sinif şagirdləri isə “Red Eagles” kateqoriyasında yarışacaqlar.
İmtahan Sumqayıtda Sumqayıt Dövlət Universitetində, Naxçıvanda isə NDU Beynəlxalq Məktəbində keçiriləcək. Bakı üzrə imtahan məkanı iştirakçıların şəxsi kabinetində və rəsmi bildiriş vasitəsilə elan olunacaq.
Qiymətləndirmə sisteminə əsasən, suallar çətinlik səviyyəsinə uyğun olaraq 3-6 bal arasında qiymətləndiriləcək. Səhv cavablara görə bal silinməyəcək.
Seçim turunun nəticələrinə əsasən, iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi bürünc medala layiq görüləcək. Növbəti 30 faiz iştirakçı fəxri fərman sertifikatı əldə edəcək. Seçim mərhələsində iştirak edən bütün şagirdlərə iştirak sertifikatı təqdim olunacaq.
Seçim turunda uğurlu nəticə göstərən iştirakçılar Olympiad USA-nın ABŞ-nin Mayami şəhərində keçiriləcək final mərhələsinə qeydiyyat şansı əldə edə bilərlər.