13-16 avqust tarixlərində Toronto Universitetində International Spirit of Math Contest yarışmasının final mərhələsi baş tutacaq. Azərbaycanı final mərhələsində Bakı şəhəri 132-134 nömrəli məktəb liseyin 1-ci sinif şagirdi Kamal Rəhmanzadə təmsil edəcək. Yarışda 30-dan çox ölkədən 1-8-ci sinif şagirdləri iştirak edəcəklər.
Final mərhələsində iştirakçılar riyaziyyat üzrə biliklərini, məntiqi düşünmə və problem həll etmə bacarıqlarını nümayiş etdirəcəklər. Şagirdlər öz sinif səviyyələrinə uyğun tapşırıqlar üzrə yüksək nəticə əldə etmək üçün yarışacaqlar.
Qiymətləndirmə qaydalarına əsasən, hər sinif üzrə ən yüksək nəticə göstərən iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 25 faizi isə bürünc mükafata layiq görüləcək. Yarışda iştirak edən bütün şagirdlərə iştirak sertifikatı təqdim olunacaq.
80 faiz və daha yüksək nəticə göstərən iştirakçılar “Honour Roll” fərqlənməsinə layiq görüləcəklər. Maksimum nəticə, yəni 100 faiz bal toplayan şagirdlər üçün isə “Perfect Score” xüsusi mükafatı nəzərdə tutulub.
Final proqramı yalnız yarış mərhələsi ilə məhdudlaşmayacaq. Müxtəlif ölkələrdən gələn iştirakçılar Toronto və Niaqara bölgəsinin tanınmış məkanları ilə də tanış olacaqlar. Proqram çərçivəsində Toronto Universiteti, CN Tower, Royal Ontario Museum, Kensington Market, Chinatown, Niaqara şəlaləsi, Clifton Hill və Niagara-on-the-Lake istiqamətlərinə səfərlər nəzərdə tutulub. Bu proqram şagirdlərə yarış təcrübəsi ilə yanaşı, fərqli mədəniyyətləri tanımaq və beynəlxalq ünsiyyət qurmaq imkanı yaradacaq.
International Spirit of Math Contest şagirdlərin riyazi biliklərini beynəlxalq səviyyədə sınaması ilə yanaşı, onların fərqli ölkələrdən olan həmyaşıdları ilə eyni akademik mühitdə bir araya gəlməsinə imkan yaradır.
Global Olympiad Center Kamal Rəhmanzadəyə final mərhələsində uğurlar arzulayır.