TIMO 2026 könüllüləri üçün hazırlıq təlimi keçirilib

Global Olympiad Center-in təşkilatçılığı ilə iyunun 21-də TIMO 2026 final mərhələsində fəaliyyət göstərəcək könüllülər üçün hazırlıq təlimi keçirilib. Təlimdə Əməliyyat, Ölkə Koordinasiyası, Logistika və Media komandalarının üzvləri iştirak ediblər.

Təlimin əsas məqsədi 2-6 iyul tarixlərində Bakıda keçiriləcək TIMO 2026 final mərhələsi zamanı könüllülərin fəaliyyətinin əlaqələndirilməsi, vəzifə bölgüsünün dəqiqləşdirilməsi və təşkilati proseslərə hazırlığın gücləndirilməsi olub.

Görüşdə könüllülərə xarici ölkələrdən gələcək iştirakçıların qarşılanması və müşayiəti, tədbir məkanlarında yönləndirmə, komanda daxili əlaqələndirmə, nəqliyyat və logistika prosesləri, eləcə də tədbirin gündəlik iş axını barədə ətraflı məlumat verilib.

TIMO 2026 Təşkilat Komitəsinin rəhbəri Xəyal İbrahimzadə könüllülərə final mərhələsinin ümumi təşkilati planı, logistika prosesləri və komandalar arasında operativ əməkdaşlığın təmin olunması ilə bağlı təlimatlar təqdim edib. O, beynəlxalq tədbir zamanı dəqiq koordinasiyanın, vaxtın düzgün idarə edilməsinin və iştirakçılarla peşəkar ünsiyyətin əhəmiyyətini diqqətə çatdırıb.

Təlim çərçivəsində Media komandası üçün media savadlılığı mövzusunda ayrıca sessiya da təşkil olunub. Xəyal İbrahimzadənin apardığı sessiyada ənənəvi media ilə iş prinsipləri, məlumatların dəqiqliyinin yoxlanılması, müsahibələrin təşkili, media nümayəndələri ilə ünsiyyət və rəsmi məlumatların ictimaiyyətə düzgün təqdim olunması məsələləri müzakirə edilib.

Komandaların üzvlərinə tədbir günlərində yarana biləcək müxtəlif vəziyyətlərdə operativ qərarvermə, məsul şəxslərlə əlaqə və iştirakçıların müraciətlərinin düzgün istiqamətləndirilməsi ilə bağlı tövsiyələr də verilib.

Qeyd edək ki, TIMO 2026 final mərhələsi 2-6 iyul tarixlərində Bakı şəhərində keçiriləcək. Müxtəlif ölkələrdən gələcək şagirdlər riyaziyyat üzrə bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, Azərbaycanın tarixi və mədəni məkanları ilə də tanış olacaqlar.

Global Olympiad Center bildirir ki, könüllülərin əvvəlcədən hazırlanması və komandalar arasında koordinasiyanın təmin edilməsi beynəlxalq tədbirin uğurlu təşkilində mühüm rol oynayır.