6 iyun tarixində Heydər Əliyev Sarayında Global Olympiad Center tərəfindən
beynəlxalq fənn olimpiadaları və müsabiqələrinin ölkə mərhələləri üzrə
qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlandırma mərasimində müxtəlif fənn olimpiadaları və beynəlxalq
müsabiqələrdə ölkə mərhələsi üzrə yüksək nəticə göstərən şagirdlər qızıl,
gümüş, bürünc medal təltif olunublar.
Tədbirin birinci hissəsi saat 11:00-da başlayıb. Bu sessiyada Azərbaycan
Süni İntellekt Olimpiadası (International Olympiad in Artificial Intelligence),
Azərbaycan Milli İqtisadiyyat Olimpiadası ( Beynəlxalq İqtisadiyyat Olimpiadası
- IEO), Azərbaycan Fəlsəfə Olimpiadası (Beynəlxalq Fəlsəfə Olimpiadası - IPO
)üzrə ölkə mərhələsinin qalibləri mükafatlandırılıb.
Bununla yanaşı, Almaniya mərkəzli Einstein Olympiad-ın seçim turu üzrə ölkə
mərhələsinin qalibləri, eləcə də dünyanın ən böyük ingilis dili
olimpiadalarından biri hesab olunan Hippo English Olympiad-ın milli
mərhələsində uğur qazanan şagirdlər də öz mükafatlarını əldə ediblər.
Mərasimdə bir sıra rəsmi qonaqlar, təhsil nümayəndələri və tərəfdaş
qurumların təmsilçiləri iştirak ediblər. Tədbirin rəsmi hissəsi Global Olympiad
Center-in direktoru Xəyal İbrahimzadənin çıxışı ilə başlayıb. Xəyal İbrahimzadə
çıxışında Azərbaycanda istedadlı şagirdlərin erkən yaşlardan
müəyyənləşdirilməsinin, onların beynəlxalq akademik platformalara
hazırlanmasının və təhsil portfoliosunun zənginləşdirilməsinin vacibliyini
vurğulayıb. O qeyd edib ki, bu cür olimpiada və müsabiqələr şagirdlərin yalnız
bilik səviyyəsini deyil, eyni zamanda özünəinamını, akademik hədəflərini və
beynəlxalq rəqabət mühitinə hazırlığını formalaşdırır.
Xəyal İbrahimzadənin çıxışından sonra Elm və Təhsil İşçiləri Həmkarlar
İttifaqının nümayəndəsi çıxış edərək beynəlxalq olimpiada və yarışmaların
şagirdlərin təhsil həyatında oynadığı mühüm roldan danışıb. Digər rəsmi
qonaqlar da çıxışlarında istedadlı şagirdlərin dəstəklənməsinin, onların
nailiyyətlərinin ictimai şəkildə qiymətləndirilməsinin və beynəlxalq təhsil
imkanlarına çıxışının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tədbirin əsas diqqətçəkən hissələrindən biri Azərbaycanı beynəlxalq arenada
təmsil edəcək komandaların təqdimatı olub. Süni intellekt istiqaməti üzrə dünya
final mərhələsində iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb,
komanda üzvlərinin video təqdimatları nümayiş etdirilib. Həmçinin Süni
İntellekt Olimpiadası, Fəlsəfə Olimpiadası və İqtisadiyyat Olimpiadası üzrə
əldə olunan nailiyyətlər iştirakçılara təqdim olunub.
Saat 15:00-da keçirilən ikinci sessiyada isə Braincs Olympiad, USA Olympiad,
UAMO – Uluslararası Antalya Mathematics Olympiad, Kanadanın Sprit of Math
yarışmaısnın və digər beynəlxalq müsabiqələr üzrə qaliblərin
mükafatlandırılması baş tutub. Bu mərhələdə də şagirdlər qızıl, gümüş, bürünc
medalla təltif olunublar.
Mükafatlandırma mərasiminin xüsusi yadda qalan hissələrindən biri Global
Olympiad Center tərəfindən təsis olunan Məktəbli Təqaüd Proqramının
qaliblərinin elan edilməsi olub. Proqramın əsas məqsədi yüksək akademik
nəticələr göstərən şagirdləri motivasiya etmək, onların təhsilə marağını
artırmaq və gələcək inkişaf yollarını dəstəkləməkdir.
Bu çərçivədə Heydər Əliyev adına Təqaüd, Polad Həşimov adına Təqaüd,
Lütfizadə adına Təqaüd və Nəsrəddin Tusi adına Təqaüd üzrə qaliblər elan
olunub.
Məktəbli Təqaüd Proqramının qalibləri:
● Məhəmməd Abbaslı – 5-ci sinif, İdrak liseyi – Heydər Əliyev Təqaüdü
● Turan Abdulla – 4-cü sinif, Xırdalan şəhər 5 nömrəli tam orta məktəb – Polad
Həşimov adına Təqaüd
● Şamil Məmmədli – 5-ci sinif, BDU-nun nəzdində “Gənc istedadlar” liseyi –
Polad Həşimov adına Təqaüd
● Mərziyyə Kazımova – 6-cı sinif, 42 nömrəli tam orta məktəb – Polad Həşimov
adına Təqaüd
● Hüseynağa Hüseynov – 8-ci sinif, Zərifə Əliyeva adına məktəb – Lütfizadə
adına Təqaüd
● Səid Dadaşzadə – 4-cü sinif, 296 nömrəli tam orta məktəb – Lütfizadə adına
Təqaüd
● Balabəy Musayev – 4-cü sinif, Bakı İstanbul Liseyi – Lütfizadə adına Təqaüd
● Darya Dmitriyeva – 9-cu sinif, Landau School – Nəsrəddin Tusi adına Təqaüd
● Mixail Dmitriyev – 3-cü sinif, Landau School – Nəsrəddin Tusi adına Təqaüd
● Cavidan Mahmudzadə – 9-cu sinif, Rəqəmsal Biliklər Liseyi – Nəsrəddin Tusi
adına Təqaüd
Tədbirdə həmçinin respublika üzrə sinif birinciləri də elan olunub. Global
Olympiad Center-in təşkil etdiyi qiymətləndirmə nəticəsində 1-ci sinifdən 11-ci
sinfədək hər sinif üzrə ən yüksək nəticə göstərən şagirdlər xüsusi təltif
ediliblər.
Respublika üzrə sinif birinciləri:
● Səid Şirinov – 1-ci sinif, Xırdalan şəhər 10 nömrəli tam orta məktəb
● Sara Abdullabəyli – 2-ci sinif, 3 nömrəli tam orta məktəb
● Mixail Dmitriyev – 3-cü sinif, Landau School
● Turan Abdulla – 4-cü sinif, Xırdalan şəhər 5 nömrəli tam orta məktəb
● Məhəmməd Abbaslı – 5-ci sinif, İdrak liseyi
● Mərziyyə Kazımova – 6-cı sinif, 42 nömrəli tam orta məktəb
● İlkin Amaşzadə – 7-ci sinif, 252 nömrəli tam orta məktəb
● Hüseynağa Hüseynov – 8-ci sinif, Zərifə Əliyeva adına məktəb
● Darya Dmitriyeva – 9-cu sinif, Landau School
● Rəşad Nəbiyev – 10-cu sinif, 182 nömrəli məktəb-lisey
● Adəm Əli – 11-ci sinif, Bakı İstanbul Liseyi
Global Olympiad Center yalnız şagirdlərin akademik nailiyyətlərini deyil,
həm də gənclərin təhsil prosesində praktik iştirakını, könüllülük fəaliyyətini
və komanda işini dəstəkləyir. Bu məqsədlə 2025–2026 tədris ilinin fevral, mart,
aprel və may ayları üzrə ayın komanda liderləri və ayın könüllüləri də xüsusi
olaraq mükafatlandırılıb.
Tədbirin sonunda Global Olympiad Center-in yeni tədris ilində də beynəlxalq
olimpiadalar və akademik müsabiqələr istiqamətində fəaliyyətini daha geniş
miqyasda davam etdirəcəyi bildirilib. Qurum sentyabr ayından etibarən yeni
olimpiada mövsümünə start verəcəyini, şagirdlərin beynəlxalq akademik platformalarda
daha aktiv iştirakına dəstək göstərəcəyini qeyd edib.
Global Olympiad Center olaraq əsas hədəfimiz istedadlı şagirdləri üzə çıxarmaq, onların bilik və bacarıqlarını beynəlxalq səviyyədə təqdim etmək, həmçinin Azərbaycan təhsilinin qlobal akademik arenada təmsilçiliyini daha da gücləndirməkdir.