Global Olympiad Center-in təşkilatçılığı ilə Bakıda keçirilən TIMO 2026
final mərhələsi təntənəli bağlanış və mükafatlandırma mərasimi ilə başa çatıb.
Tədbirdə müxtəlif ölkələrdən gələn şagirdlər, komanda rəhbərləri, akademik
nümayəndələr, səfirlər, valideynlər, media təmsilçiləri, dövlət qurumlarının
nümayəndələri və dəvətli qonaqlar iştirak ediblər.
2-6 iyul tarixlərində Bakıda təşkil olunan TIMO 2026 final mərhələsi
dünyanın müxtəlif ölkələrindən olan riyaziyyatsevər şagirdləri bir araya
gətirib. Final boyunca iştirakçılar riyaziyyat üzrə bilik və bacarıqlarını
nümayiş etdirib, eyni zamanda beynəlxalq akademik və mədəni mühitdə yeni
təcrübələr qazanıblar.
Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası olan TIMO-nun seçim mərhələsi
Azərbaycan da daxil olmaqla ümumilikdə 36 ölkədə keçirilib. Seçim
mərhələlərinin nəticələrinə əsasən, Bakıda keçirilən final mərhələsinə 13
ölkədən 392 şagird qatılıb. İştirakçılar müxtəlif sinif səviyyələri üzrə qalib adı
uğrunda mübarizə aparıblar.
Bağlanış mərasimi İnci Rəqs Qrupunun milli üslubda hazırladığı xüsusi rəqs
performansı ilə başlayıb. Daha sonra aparıcı qonaqları salamlayaraq tədbiri
rəsmi olaraq açıq elan edib. Açılış nitqində TIMO 2026-nın iştirakçılar üçün
yalnız riyazi biliklərin sınandığı bir yarış deyil, həm də yeni dostluqların
qurulduğu, fərqli ölkələrdən olan şagirdlərin eyni akademik mühitdə bir araya
gəldiyi beynəlxalq platforma olduğu vurğulanıb.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə davam
edib. Rəsmi hissədə TIMO Olimpiadasının vitse-prezidenti Eyvaz Qafarov, TIMO
Akademik Şurasının rəhbəri Cemal Çiçek, Lüksemburqdan Albert Einstein Education
Center-in Akademik Şurasının üzvü Romulo Neves və dövlət nümayəndəsi çıxış
ediblər.
Çıxışı
zamanı TIMO Olimpiadasının vitse-prezidenti Eyvaz Qafarov tədbirin təşkilində
göstərilən dəstəyə və TIMO Olimpiadasının Azərbaycanda keçirilməsi üçün
yaradılan şəraitə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, başda
mədəniyyət naziri cənab Adil Kərimli olmaqla, Nazirliyin komandasına təşəkkürünü
bildirib. Global Olympiad Center olaraq tədbirin keçirilməsinə göstərilən dəstəyə
görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığımızı
bildiririk.
Tədbir çərçivəsində TIMO 2026-nın əsas məqamlarını əks etdirən xüsusi
videoçarx nümayiş olunub. Videoçarxda iştirakçıların final mərhələsi ərzində
keçdiyi yol, imtahan prosesi, beynəlxalq dostluq mühiti və Azərbaycanda
yaşadıqları təcrübələr yer alıb.
Mərasimdə TIMO 2026-nın tərəfdaş ölkələrinin nümayəndələri də səhnəyə dəvət
olunub. Albaniya, Azərbaycan, Bolqarıstan, Filippin, Hindistan, Qazaxıstan,
Qırğızıstan, Kosovo, Özbəkistan, Rusiya, Tacikistan, Türkiyə və Türkmənistan
nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib. Onların olimpiadanın
beynəlxalq miqyasda təşkilinə verdikləri töhfə xüsusi qeyd olunub.
Bağlanış mərasimində TIMO 2026-nın təşkilində iştirak edən könüllülər və
komanda
rəhbərlərinə də təşəkkür edilib. Mədəni proqram və ekskursiya komandası,
əməliyyat
komandası, media komandası, logistika komandası və ölkə koordinasiyası
komandalarının fəaliyyəti təqdim olunub. Könüllülərin iştirakçıların
qarşılanması,
imtahan prosesinin təşkili, ölkə komandaları ilə əlaqələndirmə, nəqliyyat və
yönləndirmə, ekskursiya proqramı, foto və video materialların hazırlanması
istiqamətində gördükləri işlər vurğulanıb.
Tədbirin bədii hissəsində tar və kamança ifaçılarının canlı musiqi proqramı
təqdim olunub.
Daha sonra TIMO 2026-nın əsas mərhələlərindən biri olan mükafatlandırma hissəsi
başlayıb. İştirakçılar fəxri fərman, bürünc medal, gümüş medal və qızıl medal
kateqoriyaları üzrə təltif
olunublar.
Nəticələrə əsasən, ən yüksək göstərici nümayiş etdirən iştirakçıların ilk 8
faizi qızıl, növbəti 15 faizi gümüş, növbəti 30 faizi isə bürünc medal qazanıb.
Bundan əlavə, geriyə qalan iştirakçıların 30 faizi fəxri fərman sertifikatına
layiq görülüb, digər 17 faizi isə iştirakçı sertifikatı əldə edib.
Mükafatlandırma mərasiminin sonunda müxtəlif sinif səviyyələri üzrə dünya
qalibləri elan edilib. Dünya üzrə üçüncü, ikinci və birinci yerin sahibləri
səhnəyə dəvət olunaraq mükafatlandırılıblar. Bu hissə olimpiadanın ən yüksək
nəticə göstərən iştirakçılarının beynəlxalq səviyyədə tanıdılması baxımından
mərasimin əsas məqamlarından biri olub.
Qeyd edək ki, TIMO 2026 final mərhələsi çərçivəsində 11-ci sinif şagirdləri
üçün əlavə akademik imkan da yaradılıb. Bu sinif üzrə iştirak edən şagirdlər
Litvanın Vilnüs şəhərində fəaliyyət göstərən Vilnius Business College-ə qəbul
imkanı qazanıblar.
Bağlanış proqramı atəşfəşanlıq, milli rəqs nümunələri, xüsusi səhnə
çıxışları, işıq şousu və musiqi proqramı ilə davam edib. Mərasimin sonunda
iştirakçılar və qonaqlar könüllülərin müşayiəti ilə birlikdə Yallı rəqsində
iştirak ediblər.
Global Olympiad Center bildirir ki, TIMO 2026-nın Bakıda keçirilməsi
Azərbaycanın beynəlxalq akademik tədbirlərə ev sahibliyi etməsi, şagirdlərin
qlobal olimpiada mühitində iştirak imkanlarının genişləndirilməsi və ölkəmizin
təhsil sahəsində beynəlxalq əməkdaşlıq platforması kimi tanıdılması baxımından
mühüm əhəmiyyət daşıyır.