Türk dünyasının ilk beynəlxalq riyaziyyat
olimpiadası olan Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiadası - TIMO 2026-nın
açılış mərasimi Bakıda keçirilib.
İyulun 2-də Elektra Events Hallda
təşkil olunan mərasimdə Azərbaycan, Albaniya, Bolqarıstan, Hindistan,
Kosovo, Filippin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan, Tacikistan,
Türkmənistan və Türkiyə olmaqla 13 ölkədən gələn şagirdlər, müəllimlər,
valideynlər, beynəlxalq qonaqlar, diplomatik korpusun nümayəndələri və rəsmi şəxslər
iştirak ediblər.
Tədbirdə olimpiadanın əsas məqsədinin
istedadlı şagirdləri bir araya gətirmək, onların riyaziyyata və elmə marağını
artırmaq, beynəlxalq dostluq və əməkdaşlıq mühitini gücləndirmək olduğu
vurğulanıb.
Açılış mərasimi xüsusi geri sayım təqdimatı
ilə başlayıb. Daha sonra Azərbaycanın mədəniyyətini, incəsənətini və tarixini əks
etdirən çıxışlar, həmçinin ölkəmizin zəngin irsindən bəhs edən videoçarxlar
nümayiş olunub.
Tədbirdə çıxış edən TIMO-nun
vitse-prezidenti cənab Eyvaz Qafarov beynəlxalq olimpiadaların yalnız
akademik biliklərin yoxlanılması ilə məhdudlaşmadığını bildirib. O qeyd edib
ki, bu cür yarışmalar şagirdlər arasında dostluq əlaqələrinin qurulmasına,
komanda işi bacarıqlarının inkişafına və müxtəlif ölkələrdən olan gənclərin
bir-biri ilə ünsiyyət imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Açılış mərasimində iştirak edən “Einstein”
Olimpiadasının Akademik Şurasının üzvü Romulo Neves şagirdlərlə praktik
çalışmalar həyata keçirib, onlara elm və uğur yolunda motivasiya xarakterli
tövsiyələr verib.
Mərasimdə müxtəlif ölkələrin Azərbaycandakı
səfirlik və dövlət nümayəndəliklərinin təmsilçiləri də iştirak ediblər. Türkiyənin
Azərbaycandakı səfirliyinin təhsil müşaviri, həmçinin Rusiya, Tacikistan, Türkmənistan,
Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri tədbirə qatılıblar.
Çıxışlarda Azərbaycanda keçirilən bu beynəlxalq
olimpiadanın şagirdlər üçün mühüm imkan olduğu, tədbirin ölkələr arasında təhsil,
mədəniyyət və dostluq əlaqələrinin inkişafına xidmət etdiyi qeyd edilib.
Mərasimdə Qırğızıstanın Azərbaycandakı səfiri
Maksat Mamıtkanov da çıxış edib. Səfir çıxışında TİMO 2026-nın Türk
dünyası ölkələri arasında təhsil, elm və dostluq əlaqələrinin gücləndirilməsi
baxımından mühüm platforma olduğunu vurğulayıb. O, olimpiadada iştirak edən
bütün şagirdlərə uğurlar arzulayıb və belə beynəlxalq tədbirlərin gənclərin
inkişafında xüsusi rol oynadığını qeyd edib.
Hindistanın Azərbaycandakı səfiri cənab Abhay
Kumar çıxışına Azərbaycan dilində salamlamayla başlayaraq ölkəmizə olan
sevgisini ifadə edib. O, TIMO kimi beynəlxalq olimpiadaların şagirdlərin
inkişafı üçün böyük imkan yaratdığını bildirib və gəncləri bu cür yarışmalarda
fəal iştirak etməyə çağırıb.
Açılış mərasiminin sonunda iştirakçı ölkələrin
təntənəli paradı keçirilib. Paradda şagirdlər öz ölkələrini təqdim edərək səhnəyə
çıxıb və TİMO 2026-nın beynəlxalq birlik, elm və dostluq ruhunu nümayiş
etdiriblər.
Qeyd edək ki, TİMO - Turkic
International Mathematical Olympiad Türk dünyasının ilk beynəlxalq
riyaziyyat olimpiadasıdır. Olimpiada ilk dəfə 2024-cü ildə İstanbul şəhərində -
İstanbul Texniki Universiteti və İstanbul Universitetinin ev sahibliyi ilə
keçirilib. İkinci il olimpiadaya Akdeniz Universiteti ev sahibliyi edib. 2026-cı
ildə isə TİMO-nun üçüncü buraxılışı Bakıda təşkil olunur.
Olimpiada çərçivəsində şagirdlər iyulun
4-də “Crystal Hall”da riyaziyyat üzrə biliklərini sınayacaqlar. İyulun
5-də keçiriləcək bağlanış və mükafatlandırma mərasimində isə TIMO 2026-nın
qalib və mükafatçılarının adları açıqlanacaq.
Qeyd edək ki, TIMO 2026 Global Olympiad
Center tərəfindən təşkil olunur.