Azərbaycan komandası AIMO 2026 finalında iki medal qazanıb

Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən Asiya Beynəlxalq Riyaziyyat Olimpiadasının (AIMO 2026) final mərhələsində Azərbaycanı təmsil edən hər iki şagird medal qazanıb. Miryusif Babazadə gümüş, Rüfət Təhməzov isə bürünc medala layiq görülüb. Miryusif Babazadə, həmçinin “Star of International” xüsusi mükafatını əldə edib.

1-5 avqust tarixlərini əhatə edən final mərhələsində 22 ölkədən təxminən 1300 şagird iştirak edib. Azərbaycanı Türk Dünyası Bakı Atatürk Liseyinin şagirdi Miryusif Babazadə və 159 nömrəli tam orta məktəbin şagirdi Rüfət Təhməzov təmsil ediblər.

Azərbaycan nümayəndə heyətinə Global Olympiad Center-in həmtəsisçisi Əli Mirzəyev rəhbərlik edib.

Olimpiadanın imtahan mərhələsi Hanoy şəhərində yerləşən Hoang Mai Star Məktəbində təşkil olunub. İştirakçıların riyazi bilikləri, məntiqi düşünmə qabiliyyətləri və problem həll etmə bacarıqları qiymətləndirilib.

Finalın nəticələrinə əsasən, Miryusif Babazadə gümüş medalla yanaşı, xüsusi nəticəsinə görə “Star of International” mükafatına da layiq görülüb. Rüfət Təhməzov isə yarışı bürünc medalla başa vurub. Beləliklə, Azərbaycan komandası final mərhələsində iki medal və bir xüsusi mükafat qazanıb.

Olimpiadanın mükafatlandırma mərasimi Hanoy şəhərindəki Milli Konqres Mərkəzində keçirilib. Tədbirdə müxtəlif yaş və sinif kateqoriyaları üzrə yüksək nəticə göstərən iştirakçılar təltif olunublar.

Final proqramı akademik yarışla yanaşı, mədəni tanışlıq tədbirlərini də əhatə edib. Azərbaycan təmsilçiləri Hoan Kiem gölü, Ba Dinh meydanı, Ha Long körfəzi və Sung Sot mağarasını ziyarət edərək Vyetnamın tarixi, mədəniyyəti və təbii irsi ilə tanış olublar.

Proqram müxtəlif ölkələrdən gələn şagirdlərin bir-biri ilə ünsiyyət qurmasına, beynəlxalq təcrübə əldə etməsinə və yeni dostluqlar yaratmasına da şərait yaradıb.

Qeyd edək ki, Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası 2012-ci ildən keçirilir. Olimpiada şagirdlərin riyaziyyat üzrə bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirməsinə imkan yaradır.

Global Olympiad Center hər iki şagirdi qazandıqları mükafatlar münasibətilə təbrik edir.