ABŞ-ın Nyu-York şəhərində keçirilən Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasının 2026-cı il final mərhələsi başa çatıb. Azərbaycan komandası yarışda 2 qızıl, 4 gümüş və 7 bürünc olmaqla ümumilikdə 13 medal qazanıb.
26-31 iyul tarixlərində təşkil olunan final mərhələsində ölkəmizi 15 şagird təmsil edib. Azərbaycan təmsilçiləri beş kateqoriya üzrə keçirilən yarışda riyazi bilik və bacarıqlarını nümayiş etdiriblər.
Komandanın ən yüksək nəticəsini Mirnihad İsmayılzadə və Murad Musazadə göstəriblər. Hər iki şagird qızıl medala layiq görülüb.
Həsən Talıbzadə, Yusif Gülməmmədov, İman Səfərli və Əlixan Əsədov gümüş medal qazanıblar.
Hüseyn Bağırlı, Vaqif Həbibzadə, Toğrul Əhmədzadə, Atilla Abdulla, Alşan Uğur, Samir Məmmədov və Elvin İsazadə isə bürünc medalla təltif olunublar.
Komandanın digər üzvlərindən Səlim İbrahimli fəxri fərman, Mələk Məmmədova isə iştirakçı sertifikatı əldə edib.
Final proqramı açılış mərasimi, olimpiada imtahanı, mükafatlandırma tədbiri və Nyu-Yorkun əsas elmi, tarixi və turistik məkanlarına səfərləri əhatə edib.
İştirakçılar əvvəlcə Kolumbiya Universitetində keçirilən açılış mərasiminə qatılıblar. Daha sonra Milli Riyaziyyat Muzeyini ziyarət edərək riyaziyyatın müxtəlif sahələrini əhatə edən interaktiv təqdimatlarla tanış olublar.
Proqramın növbəti günlərində Azərbaycan nümayəndə heyəti Sentral Park, Beşinci Avenyu və Tayms-skveri ziyarət edib. Şagirdlər Kolumbiya Universitetində keçirilən rəsmi imtahan mərhələsində iştirak etdikdən sonra Azadlıq Heykəli ilə də tanış olublar.
Səfərin yekununda Kolumbiya Universitetində olimpiadanın mükafatlandırma mərasimi keçirilib. Proqram “American Dream Mall” ticarət və əyləncə mərkəzinə səfərlə başa çatıb.
Global Olympiad Center Azərbaycan komandasının üzvlərini əldə etdikləri nəticələr münasibətilə təbrik edir. Şagirdlərin hazırlıq və iştirak prosesində göstərdikləri dəstəyə görə onların ailələrinə və təhsil aldıqları məktəblərə təşəkkür bildirir.