Azərbaycan milli komandası 2-8 avqust tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək Beynəlxalq Süni İntellekt Olimpiadasının (IOAI 2026) final mərhələsində iştirak etmək üçün yola düşüb. Bu il üçüncü dəfə təşkil olunan olimpiadada Azərbaycanı dörd şagird təmsil edəcək.
Final mərhələsində milli komandanın üzvləri 129 ölkədən olan iştirakçılarla birlikdə süni intellekt sahəsi üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycan milli komandasının tərkibi belədir:
Xırdalan şəhəri B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Kənan Kərimzadə;
S.C. Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Şəhla Əhmədzadə;
85 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tunar Əhmədzadə;
328 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirmehdi Əzizli.
Komandanın rəhbəri ADA Universitetinin tələbəsi Elnur Məmmədlidir. Azərbaycan nümayəndə heyətinə Global Olympiad Center-in həmtəsisçisi Eyvaz Qafarov rəhbərlik edəcək.
Olimpiadanın final mərhələsində iştirakçıların süni intellekt üzrə nəzəri bilikləri, alqoritmik düşünmə qabiliyyətləri, məlumatların təhlili və praktiki tapşırıqların həlli üzrə bacarıqları qiymətləndiriləcək.
Azərbaycan milli komandasının üzvləri ölkə daxilində keçirilən AI Azərbaycan Olimpiadasının nəticələri əsasında müəyyənləşdirilib. Olimpiada şagirdlər arasında süni intellektə marağın artırılması, rəqəmsal və analitik bacarıqların inkişaf etdirilməsi, eləcə də bu sahədə istedadlı gənclərin üzə çıxarılması məqsədilə təşkil olunur.
Beynəlxalq Süni İntellekt Olimpiadası müxtəlif ölkələrdən olan şagirdləri bir araya gətirərək süni intellekt sahəsində akademik əməkdaşlığın genişləndirilməsinə, innovativ düşüncənin təşviqinə və gənclərin bu istiqamətdə inkişafına şərait yaradır.
Global Olympiad Center Azərbaycan milli komandasına IOAI 2026-nın final mərhələsində uğurlar arzulayır.