HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının dünya finalında Azərbaycanı təmsil edəcək şagirdlər İtaliyaya yola düşüblər. Final mərhələsi 28 sentyabr - 1 oktyabr tarixlərində İtaliyanın Spoleto şəhərində keçiriləcək.
Azərbaycan təmsilçiləri finalda 70-dən çox ölkədən olan şagirdlərlə birlikdə ingilis dili üzrə bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Final mərhələsində ölkəmizi 6 şagird təmsil edəcək:
Ayan Quliyeva - 159 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi, Hippo 1 kateqoriyası;
Murad Hüseyn - Elitar Gimnaziyanın 7-ci sinif şagirdi, Hippo 2 kateqoriyası;
Ulduz İsmayılova - 276 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi, Hippo 2 kateqoriyası;
Leyli Hacızadə - Türk Dünyası Bakı Atatürk Liseyinin 7-ci sinif şagirdi, Hippo 2 kateqoriyası;
İlkin Qurbanzadə - 2 nömrəli Texniki-Humanitar Liseyin 7-ci sinif şagirdi, Hippo S2 kateqoriyası;
Ada Qəmbər - Kaspi International School-un 4-cü sinif şagirdi, Little Hippo kateqoriyası.
2013-cü ildən keçirilən HIPPO Beynəlxalq İngilis Dili Olimpiadası Gatehouse Awards tərəfindən təşkil olunur. Olimpiadanın beynəlxalq tərəfdaşları sırasında Mizzou Academy, University of Missouri və Bucksmore Education kimi təhsil qurumları yer alır.
HIPPO-nun əsas fərqləndirici xüsusiyyətlərindən biri yarış formatının CEFR, yəni Avropa Ümumi Dil İstinad Çərçivəsinə uyğunlaşdırılmasıdır. Bu sistem iştirakçıların ingilis dili üzrə nəticələrinin beynəlxalq səviyyədə qəbul edilən dil bacarıqları meyarları ilə əlaqələndirilməsinə imkan verir.
Final mərhələsinin əsas imtahanları 29 və 30 sentyabr tarixlərində keçiriləcək. İştirakçılar kateqoriyalarına uyğun olaraq müxtəlif imtahan mərhələlərində bilik və bacarıqlarını sınayacaqlar.
Final proqramı yalnız imtahanlarla məhdudlaşmayacaq. Müxtəlif ölkələrdən gələn şagirdlər Spoleto şəhərində keçiriləcək açılış paradında iştirak edəcək, mədəni və sosial proqramlara qoşulacaqlar. Proqram iştirakçılara yeni dostluqlar qurmaq, fərqli mədəniyyətlərlə tanış olmaq və beynəlxalq mühitdə ünsiyyət təcrübəsi qazanmaq imkanı yaradacaq.
HIPPO 2026-nın bağlanış və mükafatlandırma mərasimi 30 sentyabr tarixində Spoleto şəhərində yerləşən Teatro Nuovo Gian Carlo Menotti teatrında keçiriləcək. Mərasimdə final nəticələri açıqlanacaq və qaliblər mükafatlandırılacaqlar.
Global Olympiad Center final mərhələsində Azərbaycanı təmsil edəcək şagirdlərə uğurlar arzulayır.