Kopernik Beynəlxalq Olimpiadasının Fizika və Təbiət Elmləri üzrə seçim turu 27 sentyabr tarixində Bakı şəhərində keçirilib. İmtahan Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunub.
Seçim turunda Fizika üzrə 7-12-ci sinif, Təbiət Elmləri üzrə isə 3-11-ci sinif şagirdləri iştirak ediblər. Hər iki istiqamətdə iştirakçılara 20 çoxvariantlı sual təqdim olunub. İmtahan 75 dəqiqə davam edib və maksimum nəticə 100 bal təşkil edib.
Tapşırıqlar çətinlik səviyyəsinə uyğun olaraq fərqli ballarla qiymətləndirilib. İlk 5 sualın hər düzgün cavabı 4 bal, növbəti 10 sualın hər biri 5 bal, son 5 sualın hər biri isə 6 bal dəyərində olub.
Seçim turunun nəticələrinə əsasən, 91-100 bal toplayan iştirakçılar qızıl, 75-90 bal toplayanlar gümüş, 50–74 bal nəticə göstərənlər isə bürünc medala layiq görüləcəklər. 40-49 bal toplayan şagirdlər fəxri fərman əldə edəcəklər. Seçim turunda iştirak edən bütün şagirdlərə iştirak sertifikatı təqdim olunacaq.
İmtahanın cavabları və medal qazanan iştirakçıların siyahısı həftə ərzində açıqlanacaq.
Seçim mərhələsində yüksək nəticə göstərən şagirdlər Kopernik Olimpiadasının ABŞ-ın Orlando şəhərində keçiriləcək final mərhələsində iştirak etmək imkanı əldə edəcəklər.
Kopernik Olimpiadası şagirdlərin elmi bilikləri ilə yanaşı, analitik düşünmə, məlumatları təhlil etmə və problem həll etmə bacarıqlarını beynəlxalq səviyyədə sınamasına imkan yaradır.