WMTC Dünya Riyaziyyat Çempionatının medalçıları açıqlanıb

Dünya Riyaziyyat Çempionatının seçim mərhələsinin nəticələrinə əsasən 108 şagird medal qazanaraq final mərhələsinə vəsiqə əldə edib. Yüksək nəticə göstərən iştirakçılardan 18 nəfər qızıl, 38 nəfər gümüş, 52 nəfər isə bürünc medala layiq görülüb.

Medal qazanan şagirdlər 2-8 dekabr tarixlərində Tailandın Banqkok şəhərində keçiriləcək WMTC Dünya Finalında iştirak etmək şansı qazanıblar. Final mərhələsində onlar 50-dən çox ölkədən olan həmyaşıdları ilə birlikdə riyazi bilik və bacarıqlarını beynəlxalq səviyyədə nümayiş etdirəcəklər.

Seçim mərhələsinin nəticələri və medal statusları iştirakçıların şəxsi kabinetində yerləşdirilib. İştirakçılar şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola bilərlər.

WMTC-nin seçim turunda şagirdlər riyazi bilik və bacarıqlarını fərdi və komanda olmaqla 2 əsas raund üzrə sınayıblar. Yarış Junior, Intermediate və Advanced yaş kateqoriyaları üzrə təşkil olunub.

WMTC şagirdlərin riyazi düşünmə, məntiqi təhlil və problem həll etmə bacarıqlarını beynəlxalq rəqabət mühitində sınamalarına imkan yaradan beynəlxalq yarışdır.

Global Olympiad Center seçim mərhələsində medal qazanan bütün şagirdləri təbrik edir və onlara Banqkokda keçiriləcək dünya finalında uğurlar arzulayır.