Kopernik Beynəlxalq Olimpiadasının Fizika və Təbiət Elmləri üzrə 2026–2027-ci tədris ili seçim turu 27 sentyabr 2026-cı il tarixində keçiriləcək. Saat 11:00-da başlayacaq seçim mərhələsində şagirdlər iki fərqli istiqamət üzrə bilik və bacarıqlarını sınayacaqlar.
Fizika üzrə yarış 7–12-ci sinif, Təbiət Elmləri üzrə isə 3–11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Seçim turunda yüksək nəticə göstərən iştirakçılar ABŞ-ın Hyuston şəhərində, Rice Universitetində keçiriləcək Kopernik Olimpiadasının final mərhələsinə qeydiyyat hüququ əldə edə bilərlər.
Hər iki istiqamət üzrə iştirakçılara 20 çoxvariantlı sual təqdim olunacaq. İmtahan 75 dəqiqə davam edəcək və maksimum nəticə 100 bal təşkil edəcək.
Suallar çətinlik səviyyəsinə uyğun olaraq fərqli ballarla qiymətləndiriləcək. İlk 5 sualın hər düzgün cavabı 4 bal, növbəti 10 sualın hər biri 5 bal, son 5 sualın hər biri isə 6 bal dəyərində olacaq.
Fizika fənnində hər səhv cavaba görə 1 bal silinəcək, cavablandırılmayan suallar isə nəticəyə təsir etməyəcək. Təbiət Elmləri üzrə yanlış və cavablandırılmayan suallara görə mənfi bal tətbiq olunmayacaq.
Fizika üzrə iştirakçılar üç kateqoriyada yarışacaqlar: 7–8-ci, 9–10-cu və 11–12-ci siniflər. Təbiət Elmləri üzrə isə yarış 3–4-cü, 5–6-cı, 7–8-ci, 9–10-cu və 11-ci siniflər olmaqla beş kateqoriyada təşkil ediləcək.
Seçim turunun nəticələrinə əsasən, 91–100 bal toplayan şagirdlər qızıl, 75–90 bal toplayanlar gümüş, 50–74 bal nəticə göstərənlər isə bürünc medala layiq görüləcəklər. 40–49 bal toplayan iştirakçılara fəxri fərman, seçim turunda iştirak edən bütün şagirdlərə isə iştirak sertifikatı təqdim olunacaq.
Seçim turu Bakı və Naxçıvan şəhərlərində təşkil olunacaq. İmtahan məkanı və digər təşkilati məlumatlar yarışa yaxın tarixdə iştirakçıların şəxsi kabinetlərində təqdim ediləcək.