WMTC 2026 Dünya Riyaziyyat Komanda Çempionatına qeydiyyat başladı!

World Mathematics Team Championship (WMTC 2026) yarışının Azərbaycan üzrə seçim turuna qeydiyyat başlayıb. 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan yarış 20 sentyabr 2026-cı il tarixində Bakıda, Baku Crystal Hall-da keçiriləcək.

Saat 11:00-da başlayacaq seçim turu ənənəvi riyaziyyat yarışlarından fərqli olaraq fərdi biliklərlə yanaşı, komanda işi, strateji düşünmə və birgə problem həll etmə bacarıqlarını da qiymətləndirəcək.

İştirakçılar 2026-2027-ci tədris ilində oxuduqları sinfə uyğun olaraq üç kateqoriyada yarışacaqlar. Junior kateqoriyasına 5-6-cı, Intermediate kateqoriyasına 7-9-cu, Senior kateqoriyasına isə 10-11-ci sinif şagirdləri daxildir.

WMTC-nin seçim turu bir neçə mərhələdən ibarət olacaq. Şagirdlər əvvəlcə fərdi tapşırıqları yerinə yetirəcək, daha sonra estafet və komanda raundlarında iştirak edəcəklər. Hər komanda 6 şagirddən formalaşdırılacaq.

Komanda raundunda iştirakçılar 14 açıq tipli sualı birlikdə həll edəcəklər. Yekun komanda nəticəsi fərdi raundların orta göstəricisi, estafet raundu və komanda raundunda toplanan ballar əsasında müəyyənləşdiriləcək.

Fərdi nəticələr üzrə iştirakçıların ilk 10 faizi qızıl, növbəti 20 faizi gümüş, sonrakı 30 faizi isə bürünc medala layiq görüləcək. Digər iştirakçılara sertifikat təqdim olunacaq. Komanda nəticələrinə əsasən isə hər kateqoriya üzrə ilk üç yeri tutan komandalar kubok və sertifikatla mükafatlandırılacaqlar.

WMTC şagirdlərə riyazi biliklərini nümayiş etdirməklə yanaşı, komandada işləmək, vaxtı düzgün idarə etmək, müxtəlif həll yollarını müzakirə etmək və ortaq nəticəyə gəlmək bacarıqlarını sınamaq imkanı yaradır.