Fermat Beynəlxalq Riyaziyyat Yarışmasının (FMO) 2026–2027-ci tədris ili üzrə seçim mərhələsinə qeydiyyat başlayıb. 1–11-ci sinif şagirdləri üçün nəzərdə tutulan seçim turu 18 oktyabr 2026-cı il tarixində Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək.
İmtahan saat 11:00-da başlayacaq. 1-5-ci sinif şagirdləri üçün imtahan müddəti 60 dəqiqə, 6-11-ci siniflər üçün isə 90 dəqiqə müəyyən edilib.
İştirakçılara ümumilikdə 21 sual təqdim olunacaq. Bunlardan 20-si çoxvariantlı, biri isə açıq tipli sual olacaq. İmtahanda maksimum nəticə 100 baldır.
FMO şagirdlərin riyazi bilikləri ilə yanaşı, analitik düşünmə, məntiqi nəticə çıxarma və problem həll etmə bacarıqlarını qiymətləndirən beynəlxalq yarışdır. Olimpiada iştirakçılara biliklərini beynəlxalq səviyyədə sınamaq və müxtəlif ölkələrdən olan həmyaşıdları ilə eyni akademik mühitdə yarışmaq imkanı yaradır.
Seçim mərhələsinin nəticələrinə əsasən, hər sinif üzrə iştirakçıların ilk 5 faizi qızıl, növbəti 10 faizi gümüş, sonrakı 15 faizi isə bürünc medala layiq görüləcək. Növbəti 30 faiz iştirakçı həvəsləndirici mükafat əldə edəcək.
Qızıl, gümüş və bürünc medal qazanan şagirdlər FMO-nun Vyetnamda keçiriləcək final mərhələsində iştirak şansı qazanacaqlar.
İmtahan Bakı şəhərində Odlar Yurdu Universitetində, Sumqayıt şəhərində Sumqayıt Dövlət Universitetində, Gəncə şəhərində Gəncə Dünya Məktəbində, Naxçıvan şəhərində isə NDU nəzdindəki məktəbdə keçiriləcək.