Global Olympiad Center (GOC) könüllülük fəaliyyətləri çərçivəsində Məktəbli Səfirlər komandası ilə növbəti görüş baş tutub. Görüşdə GOC könüllü heyətinin rəhbəri Azər Həndəmov proqramın məqsəd və vəzifələri, qarşıya qoyulan strateji hədəflər, həmçinin gələcək fəaliyyət istiqamətləri barədə ətraflı təqdimatla çıxış edib.
Tədbir zamanı səfirlərin qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətləri müzakirə olunub, illik fəaliyyət planı təqdim edilib və ilkin iş bölgüsü aparılıb. Eyni zamanda komanda üzvlərinə proqramın strukturu, görüləcək işlərin mərhələləri, layihələrin icra mexanizmi və əməkdaşlıq prinsipləri barədə ətraflı məlumat verilib.
Görüş zamanı həmçinin Məktəbli Səfirlər Proqramının könüllülərin şəxsi inkişafına, liderlik bacarıqlarının formalaşmasına və təhsil sahəsində ictimai iştirakçılığın artırılmasına verəcəyi töhfələr vurğulanıb.
GOC rəhbərliyi qeyd edib ki, proqramın əsas məqsədi məktəbliləri beynəlxalq olimpiadalar, intellektual yarışlar və maarifləndirici layihələrə cəlb etmək, gənclər arasında könüllülük mədəniyyətini təşviq etmək və gələcək liderlərin yetişdirilməsinə dəstək verməkdir.