GOC Könüllüləri Arasında Mövsümün İlk İntellektual Yarışı Keçirilib

Global Olympiad Center-in (GOC) 2026–2027-ci il könüllülük proqramı çərçivəsində mövsümün ilk intellektual yarışı keçirilib. 22 noyabr 2026-cı il tarixində AF City-də təşkil olunan yarışda GOC könüllüləri komanda şəklində bilik və bacarıqlarını sınayıblar.

Quiz formatında keçirilən intellektual yarış Könül Əliməmmədovanın rəhbərlik etdiyi GOC Volunteers Layihə komandası tərəfindən təşkil olunub. Tədbirin əsas məqsədi könüllülərin intellektual inkişafını dəstəkləmək, komanda işi bacarıqlarını gücləndirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq olub.

Yarışın yekun nəticələrinə əsasən, “The Confidentional” komandası birinci yerə layiq görülüb. “Aurora” komandası ikinci, “Qaliblər 2” komandası isə üçüncü yeri tutub.

İntellektual yarış zamanı iştirakçılar müxtəlif mövzuları əhatə edən sualları cavablandıraraq ümumi biliklərini, məntiqi düşünmə və operativ qərarvermə bacarıqlarını nümayiş etdiriblər. Komandalar arasında keçirilən yarış könüllülərin birgə müzakirə aparmaq və məhdud vaxt ərzində ortaq nəticəyə gəlmək bacarıqlarının inkişafına da xidmət edib.

Qeyd edək ki, Global Olympiad Center tərəfindən həyata keçirilən GOC Volunteers proqramı könüllülərin beynəlxalq olimpiada, yarış və müxtəlif təhsil layihələrinin təşkilində praktiki təcrübə qazanmalarını təmin edir. Proqram çərçivəsində təşkil olunan intellektual və sosial fəaliyyətlər isə iştirakçıların fərdi inkişafına, qarşılıqlı ünsiyyətinə və komanda daxilində əməkdaşlığın gücləndirilməsinə yönəlib.

2026–2027-ci il mövsümünün ilk intellektual yarışı könüllülərin akademik və sosial fəaliyyətlərini bir araya gətirən tədbirlərdən biri olub. Global Olympiad Center yarışın qaliblərini təbrik edir və bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayır.