Global Olympiad Center könüllüləri üçün intellektual yarış təşkil olunub
31 yanvar 2026-cı il tarixində Global Olympiad Center (GOC) tərəfindən könüllülər üçün intellektual yarış keçirilib. Tədbir AF City-də layihə komandasının rəhbərliyi ilə təşkil olunub.
“Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda GOC könüllüləri bilik və dünyagörüşlərini nümayiş etdiriblər. Yarışın əsas məqsədi könüllülərin zehni inkişafını dəstəkləmək, eyni zamanda onların asudə vaxtını səmərəli şəkildə təşkil etmək olub.
Yarış zamanı komandalar verilən suallara məhdud zaman çərçivəsində cavab verərək həm bilik səviyyələrini, həm də komanda işi bacarıqlarını sınayıblar.
Nəticələrə əsasən “MindX” komandası birinci yerə layiq görülüb. “Birlik” komandası ikinci, “Arcane” komandası isə üçüncü yer tutub. Qalib komandalar sertifikat və medallarla təltif olunublar.
Tədbir iştirakçıların xatirə fotosessiyası ilə yekunlaşıb. Qeyd edək ki, Global Olympiad Center tərəfindən həyata keçirilən bu kimi layihələr könüllülərin intellektual potensialının artırılması və fərdi inkişafının dəstəklənməsi məqsədi daşıyır.